
"Azərbaycan bir qayda olaraq özünün sülh gündəliyi, sülhyaratma təşəbbüsləri ilə də dünyanın diqqət mərkəzində olub. 30 illik işğala son qoyaraq qalib ölkəyə çevrilməsinə baxmayaraq, daha çox sülhdən danışan, bu prinsipə üstünlük verən Azərbaycan bu gün də eyni davranışa, yanaşmaya sadiqdir və tezliklə təkcə Cənubi Qafqazda deyil, bütün münaqişə zonalarında sülhün əldə olunmasının tərəfdarıdır. Bakının dıyişməz mövqeyi bu günlər Şuşada keçirilən sayca dördüncü Qlobal Media Forumunda da bir daha bəyan edildi. Forumda xarici media mənsublarının suallarına cavab verən Cənab Prezident Azərbaycan sülhdən yana olduğunu bir daha dünyaya bəyan etdi. Hesab edirəm ki, IV Şuşa Qlobal Media Forumunun ən diqqət çəkən məqamlarından biri də tədbirin mövzusuna uyğun olaraq Şuşadan verilən sülh mesajları oldu".
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən forumda da Cənab Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq sülh gündəliyini bir daha açıqladı, bəşəriyyəti sülhə səslədi. Prezident İlham Əliyev bildirdi ki, hazırda həm şimalımızda, həm də cənubumuzdakı qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir:
"Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Tezliklə münaqişəyə son qoyulacağına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir. Azərbaycan bu məsələdə yalnız sülh istəyir. Bizim sərhədlərimizin hüdudları boyunca sabitlik var. Ancaq sərhədləriniz boyunca münaqişələr varsa, özünüzü təhlükəsiz hiss edə bilməzsiniz. Azərbaycan bir ildən azdır ki, sülh şəraitində yaşayır. Biz sərhədlərimizin şimalında da, cənubunda da sülh olmasını istəyirik".
Millət vəkilinin sözlərinə görə, forumu əhəmiyyətli edən digər bir məqam onun mədəniyyət ocağımız olan Şuşada, azad Qarabağda keçirilməsidir:
"Qlobal Media Forumunun 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad etdiyi şəhər və rayonlarda həyata keçirdiyi infrastruktur layihələri, şəhərsalma, Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyəti var. Forum iştirakçıları Azərbaycanın regionda yaratdığı yeni reallıqları öz gözləri ilə görərək bunu çalışdıqları media qurumları vasitəsilə həm yaşadıqları ölkələrin cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdıracaqlar ki, bu da ümumilikdə ölkəmizin təqdimatı baxımından müsbət addımdır. Nəzərə alsaq ki, Qlobal Media Forumu mədəniyyət ocağımız sayılan Şuşada keçirilir, bu həm də Qarabağın mədəni irsinin iştirakçılar tərəfindən öyrənilməsi deməkdir. Eyni zamanda, Şuşada belə nüfuzlu beynəlxalq tədbirin keçirilməsi şəhərin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirir. Onu da qeyd etmək lazımdır ki, tarixi və mədəni əhəmiyyətə malik olan Şuşa son illərdə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu mənada müxtəlif formatlı tədbirlərdə iştirak edən nümayəndələrin şəhərlə yaxından tanış olması Azərbaycanın mədəni irsi və regionun inkişafı haqqında birbaşa məlumat əldə etmələrinə də imkan yaradır".
Süleyman












































