
David Seliverstov: "Heç bir xalq, din və ya etnik mənsubiyyət kollektiv məsuliyyət daşımır"
Bir müddət əvvəl İsrailin qondarma "erməni soyqırımı" üzərindən Türkiyəyə qarşı təzyiq elementi kimi istifadə etməsi beynəlxalq hüquq müdafiəçiləri tərəfindən də müsbət qəbul edilmədi. Uzaq tarixdə baş verənlərin tarixçilər tərəfindən araşdırılmasını məqbul hesab edən hüquq müdafiəçiləri bundan siyasi təsir vasitəsi kimi istifadəni də doğru qəbul etmirlər. Elə Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov da bu qənaətdədir. O, Newscenter.az-a verdiyi açıqlamada baş verən hadisələrə olan yanaşmasını açıqlayıb. David Seliverstov deyib ki, tarixə beynəlxalq hüquq müdafiəçisi kimi baxdıqda mənim üçün əsas meyar emosiyalar deyil, hüquq, fakt, arxiv sənədləri və elmi araşdırmalardır:
"İnnsan hüquqlarının müdafiəsi ilk növbədə həqiqətin müdafiəsindən başlayır. Buna görə də hər hansı tarixi hadisəyə münasibət bildirərkən mən heç vaxt fərziyyələrə deyil, araşdırılmış mənbələrə söykənməyə çalışıram.
Bu gün mənim səsləndirdiyim fikirlər də şəxsi emosiyalarımın nəticəsi deyil. Onlar Osmanlı İmperiyasının arxivlərində qorunan fərmanlara, maliyyə sənədlərinə, ticarət qeydlərinə, vergi sisteminə dair materiallara, Avropa diplomatik yazışmalarına və iqtisadi tarix üzrə müxtəlif elmi tədqiqatlara əsaslanır. Bu mənbələr göstərir ki, müxtəlif dövrlərdə Osmanlı dövləti və digər Avropa dövlətləri maliyyə ehtiyaclarını fərqli bank evləri, tacirlər və maliyyə institutları vasitəsilə qarşılayıblar.
Tarixi araşdırmalarda XVI əsrdə Doña Gracia Mendes və Don Joseph Nasi kimi şəxslərin Osmanlı sarayı ilə iqtisadi və diplomatik əlaqələri geniş şəkildə təsvir olunur. Sonrakı əsrlərdə Camondo ailəsi İstanbulun tanınmış bankir ailələrindən biri kimi maliyyə sistemində mühüm rol oynayıb. Eyni zamanda Avropada Rothschild bank evi və digər böyük maliyyə institutları müxtəlif dövlətlərə kreditlər təqdim edib, beynəlxalq maliyyə bazarlarının formalaşmasına təsir göstəriblər".
David Seliverstovun sözlərinə görə, tarixi reallıq ondan ibarətdir ki, həmin dövrlərdə Osmanlı maliyyə sistemində yalnız bir qrup deyil, müsəlman, erməni, yunan, yəhudi və digər mənşəli tacirlər, sarraflar və bankirlər də fəaliyyət göstərirdilər:
"Tarix mürəkkəb prosesdir və onu yalnız bir xalqın, bir dinin və ya bir ailənin fəaliyyəti ilə izah etmək düzgün olmaz.
Mən beynəlxalq hüquq müdafiəçisi kimi prinsipial mövqeyimi bir daha ifadə edirəm: hüququn əsas prinsiplərindən biri fərdi məsuliyyətdir. Heç bir xalq, din və ya etnik mənsubiyyət kollektiv məsuliyyət daşımır. Tarixdə də qiymətləndirmə konkret şəxslərin, konkret ailələrin, konkret maliyyə institutlarının və konkret dövlət qərarlarının fəaliyyəti əsasında aparılmalıdır. Bu yanaşma həm beynəlxalq hüququn, həm də insan hüquqlarının fundamental prinsiplərinə uyğundur.
Tarix bizə daha bir vacib həqiqəti öyrədir. Böyük dövlətlərin gücü təkcə ordularla müəyyən olunmur. İqtisadiyyat, maliyyə, elm, texnologiya və insan kapitalı da dövlətlərin inkişafında həlledici rol oynayır. Keçmişdə maliyyə sistemləri imperiyaların inkişafına təsir göstərirdisə, bu gün həmin rolu yüksək texnologiyalar və süni intellekt oynayır".
David Seliverstov diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik dövründə "Əsrin müqaviləsi" ilə dünya iqtisadiyyatında özünəməxsus yer tutdu:
"Neft sektoru ölkəmizin iqtisadi inkişafının əsas dayaqlarından birinə çevrildi. Lakin hesab edirəm ki, artıq yeni mərhələ başlayıb. Qarşıdakı dövrdə neft sektorundan əldə olunan iqtisadi potensialın daha geniş şəkildə qeyri-neft sektoruna, elmə, innovasiyalara, rəqəmsal iqtisadiyyata və süni intellekt texnologiyalarına yönəldilməsi strateji əhəmiyyət daşıyır.
Dünya çox sürətlə dəyişir. Süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günün reallığıdır. O, iqtisadiyyatı, hüququ, səhiyyəni, tikintini, təhsili və dövlət idarəçiliyini dəyişdirir. Bu səbəbdən Azərbaycan da bu istiqamətdə aparılan inkişaf proseslərini daha yaxından izləməli, milli innovasiya ekosistemini gücləndirməli və süni intellekt sahəsində rəqabət qabiliyyətini artırmalıdır.
Lakin burada ən vacib məsələ texnologiyanın özü deyil, onun idarə olunmasıdır. Hüquq, etik normalar və insan hüquqları süni intellektin inkişafı ilə paralel şəkildə inkişaf etməlidir. Texnologiya insanın rifahına xidmət etməli, insan isə texnologiyanın əsiri olmamalıdır.
Beynəlxalq hüquq müdafiəçisi kimi hesab edirəm ki, gələcəyin əsas vəzifəsi süni intellekt ilə insan arasında sağlam balans yaratmaqdır. Süni intellekt sürəti, hesablama gücü və analitik imkanları ilə insanı üstələyə bilər. Amma o, vicdanı, mərhəməti, ədalət hissini və mənəvi məsuliyyəti əvəz edə bilməz".
O, "Unutmamalıyıq ki, süni intellektdə vicdan yoxdur. Vicdan yalnız insana məxsusdur. Buna görə də ilk növbədə öz vicdanımızı, humanizm prinsiplərimizi və insan hüquqlarına sadiqliyimizi qorumalıyıq ki, yaratdığımız texnologiyaları düzgün istiqamətləndirə bilək.
Tarix bizə gücün necə qazanıldığını öyrədir. Hüquq isə həmin gücün necə məsuliyyətlə istifadə edilməli olduğunu göstərir. Əgər keçmişin təcrübəsini gələcəyin texnologiyası ilə, texnologiyanı isə insan vicdanı ilə birləşdirə bilsək, onda yalnız güclü dövlət deyil, həm də ədalətli və təhlükəsiz cəmiyyət qurmuş olarıq. Çünki gələcəyi süni intellekt sürətləndirə bilər, amma onu insanlıq istiqamətləndirəcək",-deyə vurğulayıb.
Süleyman












































