
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji Renesans” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi” layihəsinin açılış tədbiri Gəncə şəhərində, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir müxtəlif dövlət qurumları, yerli özünüidarəetmə orqanları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, mütəxəssislər, gənclər və könüllülərin iştirakı ilə geniş əməkdaşlıq formatında təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi, Turizm İdarəsi, Ekologiya İdarəsi, Su İdarəsi, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, ADA Universiteti, Bitki Universiteti, Göygöl Milli Parkı, Nizami və Kəpəz bələdiyyələri, digər bələdiyyələrin nümayəndələri, “ASAN xidmət” əməkdaşları və ASAN könüllüləri, “Eko Könüllü Klubu”, müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekologiya və ətraf mühit, enerji və digər əlaqəli sahələr üzrə mütəxəssislər, müəllimlər, tələbələr, gənclər və ictimai fəallar iştirak ediblər.
Ümumilikdə tədbirdə 60-a yaxın iştirakçı bir araya gəlib.
Açılış tədbirində “Ekoloji Renesans” İctimai Birliyinin sədri və layihə rəhbəri Leyla Məmmədova çıxış edərək sağlam həyat tərzinin təşviqinin müasir dövrün iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, su ehtiyatlarının və biomüxtəlifliyin qorunması kimi qlobal çağırışları ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. O, sağlam cəmiyyətin yalnız sağlam fərdlərdən deyil, həm də sağlam və dayanıqlı ətraf mühitdən formalaşdığını qeyd edərək, bu istiqamətdə dövlət qurumları, təhsil müəssisələri, QHT-lər, ekspertlər, gənclər və ictimaiyyət arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Daha sonra Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova çıxış edərək ekologiya və təbiətin mühafizəsi sahəsində maarifləndirmənin, elmi yanaşmanın və gənclərin ekoloji proseslərə fəal cəlb olunmasının əhəmiyyətindən danışıb.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov çıxışında gənclərin sağlam həyat tərzinin formalaşdırılması, sosial və ekoloji təşəbbüslərdə, eləcə də könüllülük fəaliyyətində fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Göygöl Milli Parkının nümayəndəsi isə təbii ərazilərin və biomüxtəlifliyin qorunması, təbiətə məsuliyyətli münasibətin formalaşdırılması və ekoloji maarifləndirmənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Ardınca Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi, layihənin təlimçisi Vüsal Musayev layihənin məqsədləri, əsas fəaliyyət istiqamətləri və qarşıdakı mərhələlər barədə iştirakçılara məlumat verib.
Təqdimatdan sonra tədbir interaktiv müzakirə formatında davam edib. Müzakirələr zamanı sağlam həyat tərzi, ekoloji məsuliyyət, ətraf mühitin qorunması, yaşıllıqların artırılması, su və enerji resurslarından səmərəli istifadə, gənclərin və könüllülərin ekoloji təşəbbüslərdə iştirakı, eləcə də müxtəlif qurumlar arasında əməkdaşlığın genişləndirilməsi kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin əsas məqsədi müxtəlif sahələrdə mövcud olan real ehtiyac və problemlərin müəyyənləşdirilməsi, onların həlli istiqamətində mümkün əməkdaşlıq imkanlarının ortaya çıxarılması olub. İştirakçıların öz fəaliyyət sahələri üzrə fikir və təkliflərini daha sistemli şəkildə təqdim etmələri üçün tədbir zamanı təklif blankları da paylanılıb.

Dövlət qurumlarının, təhsil müəssisələrinin, bələdiyyələrin, QHT-lərin, mütəxəssislərin, gənclərin və könüllülərin nümayəndələri öz sahələri üzrə aktual hesab etdikləri məsələləri, ehtiyacları və mümkün həll yollarını qeyd ediblər. Toplanan təkliflərin layihənin növbəti mərhələlərinin planlaşdırılmasında, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində, eləcə də yekun Yaşıllıq Forumunun mövzu və müzakirə istiqamətlərinin formalaşdırılmasında nəzərə alınması nəzərdə tutulur.
Layihənin qarşıdakı fəaliyyətləri:
Layihənin növbəti mərhələsində 3 ali təhsil müəssisəsində və 3 ümumtəhsil məktəbində olmaqla 6 maarifləndirici təlim keçiriləcək. Hər bir ali təhsil müəssisəsində keçiriləcək təlimdə 150 nəfər, hər bir ümumtəhsil məktəbində keçiriləcək təlimdə isə 100 nəfər iştirak edəcək.
Təlimlər zamanı sağlam həyat tərzi, ekoloji məsuliyyət, ətraf mühitin qorunması, yaşıllıqların əhəmiyyəti, su və enerji resurslarından səmərəli istifadə, ekoloji davranış və gənclərin ekoloji təşəbbüslərdə iştirakı kimi aktual mövzulara diqqət yetiriləcək.
Layihə çərçivəsində məktəblərin iştirakı ilə 100 ağacın əkilməsi üzrə ağacəkmə aksiyası keçiriləcək. Aksiya maarifləndirmənin praktiki fəaliyyətlə tamamlanmasına, məktəblilərin ekoloji təşəbbüslərə fəal cəlb olunmasına və yaşıllıqların artırılmasına töhfə verəcək.
Layihənin yekun mərhələsində isə 250 nəfərin iştirakı ilə böyük Yaşıllıq Forumu keçiriləcək. Forumda layihə çərçivəsində keçirilmiş təlimlərin və ağacəkmə aksiyasının nəticələri, açılış tədbirində toplanmış təkliflər, Gəncə şəhərinin aktual ekoloji məsələləri, yaşıllıqların qorunması və artırılması, sağlam həyat tərzinin təşviqi və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.
Beləliklə, layihənin açılış tədbiri yalnız layihənin təqdimatı ilə məhdudlaşmayaraq, müxtəlif sahələr üzrə fəaliyyət göstərən qurum və şəxslərin bir araya gəldiyi, aktual məsələlərin müzakirə edildiyi, real ehtiyacların müəyyənləşdirildiyi və gələcək əməkdaşlıq istiqamətlərinin formalaşdırıldığı bir platforma kimi keçirilib.
“Ekoloji Renesans” İctimai Birliyi layihənin açılış tədbirinin keçirilməsi üçün məkan və şərait yaratdığına görə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatına, həmçinin tədbirdə iştirak edərək öz fikir və təklifləri ilə layihəyə töhfə verən dövlət qurumlarına, yerli özünüidarəetmə orqanlarına, təhsil müəssisələrinə, qeyri-hökumət təşkilatlarına, mütəxəssislərə, gənclərə, könüllülərə və bütün iştirakçılara təşəkkürünü bildirir!












































