
2008-ci il avqustun 8-də Rusiyanın Gürcüstana hücumundan artıq 17 il ötür. Həmin gün Rusiya separatçı Cənubi Osetiyanı "müdafiə etmək" və "təhlükəsizliyi təmin etmək" adı ilə Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Əgər Moskvanın hərbi müdaxiləsi olmasaydı, Gürcüstan separatizmə son qoyaraq Cənubi Osetiyada dövlət suverenliyini bərpa edə bilərdi. Lakin Kremlin bu hücumdan sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması, beynəlxalq hüququn pozulması idi.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətin separatizmə açıq dəstək verməsi və qondarma "respublikaların" müstəqilliyini tanıması, gələcəkdə atacağı daha təhlükəli addımların xəbərçisi idi. Lakin Qərb – xüsusən ABŞ və Avropa – Moskvanın bu addımlarına qarşı zamanında sərt tədbirlər görmədi. Nəticədə, Rusiya 2014-cü ildə Krımı ilhaq etdi və Ukraynanın şərqində separatizmi alovlandırdı. Bu prosesin son mərhələsi isə 2022-ci ildə “xüsusi hərbi əməliyyat” adı ilə Ukraynaya qarşı genişmiqyaslı işğal oldu.
Hazırda Rusiya ilə Qərb arasında həm Şərqi Avropada, həm də Cənubi Qafqazda ciddi geosiyasi toqquşma müşahidə olunur. Qərb nəhayət Rusiyanın aqressiv geosiyasətini anlayaraq, müdafiə sənayesini gücləndirir və Ukraynaya hərbi-siyasi dəstəyi davam etdirir.
Bu kontekstdə Cənubi Qafqazda da mühüm siyasi transformasiyalar baş verir. ABŞ bölgədə sülhü təmin etmək və Rusiyanın nüfuzunu sıfırlamaq istiqamətində həlledici mərhələyə keçib. Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona dəvət olunması bu istiqamətdə ciddi irəliləyişin göstəricisidir.
Moskvanın regionda siyasi proseslərə təsir imkanları məhdudlaşdırılıb. Rusiya artıq Ermənistan-Azərbaycan sülh prosesindən kənarda qalır. Onun qeyri-konstruktiv siyasəti, ikili oyunları və region ölkələrinə qarşı etimadsız yanaşması, nəticədə onu regional proseslərin kənarına atıb.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra, baş nazir Nikol Paşinyanın Ermənistandakı 102-ci Rusiya hərbi bazasının fəaliyyətinə son qoymaq üçün konkret addımlar atacağı mümkün görünür. Rusiya isə hazırda bu hərbi baza vasitəsilə yeni təxribatlara əl atacaq siyasi və hərbi manevr imkanlarından məhrumdur.
Rusiya həmçinin Cənubi Qafqazda strateji əhəmiyyətli Zəngəzur dəhlizinə nəzarət imkanlarını da itirib. Bu, Moskvanın Orta dəhlizə (Çin-Orta Asiya-Azərbaycan-Türkiyə) nəzarət imkanlarını zəiflədir. Beləliklə, Cənubi Qafqazda Azərbaycanın təşəbbüsləri ilə formalaşan yeni regional düzən Rusiyanın 30 illik vəkalət müharibəsinə son qoymaqla, onun hegemonluğuna ciddi zərbə vurur.
Buna cavab olaraq Rusiya Xəzər dənizində hərbi fəallığını artırmağa çalışacaq. Amma bu, artıq bölgədə gedən siyasi transformasiyanın önünü kəsməyə yetərli deyil. Cənubi Qafqazda yeni siyasi düzən formalaşır. Azərbaycan bölgənin əsas siyasi və iqtisadi aktoruna çevrilərək, Rusiyanın regionu nəzarətdə saxlamaq siyasətini zərərsizləşdirir. Artıq bölgədə sülh və sabitlik prosesləri Rusiyasız həll olunur və bu, Moskvanın zəifləyən nüfuzunun bariz göstəricisidir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert