
Daha bir tarixi görüş, daha bir üçtərəfli bəyanat. Söhbət 5 il bundan əvvəl imzalanmış Rusiya-Azərbaycan-Ermənistan və imzalanmasına saatlar qalan Amerika-Azərbaycan-Ermənistan üçtərəfli bəyanatından gedir. Necə ki, 2020-ci ilin 10 noyabrı tarixə dönüşdü və Ermənistan kapitulyasiya aktına imza atdı, bu gün də tarix yazılır. Azərbaycan və Ermənistan sülh müqaviləsinin ilkin razılaşmasına imza atacaq.
Kremldən Ağ Evə
5 il əvvəl imzalanan üçtərəfli bəyanatın tamı tamına icrasına şübhələr vardı. Çünki bəyanata imza atanlardan biri Rusiya idi. Hansı ki, Cənubi Qafqazda artıq tarixə qovuşmuş Dağlıq Qarabağ probleminin daimi mövcudluğunu istəyirdi bu ölkə. Ancaq 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın ortaya qoyduğu siyasi və hərbi güc, iradə Rusiyanı belə bir bəyanata imza atmaq zorunda qoydu. Məcbur idi. Çünki əks halda tarixən forpostu olan Ermənistan xəritədən silinəcəkdi. İmzanı atıb üçtərəfli bəyanata da ona görə qoşuldu ki, Cənubi Qafqaza nəzarəti əlində saxlasın. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını yubatsın. Beləliklə, regionda öz əvvəlki dominantlığını qoruyub saxlaya bilsin.
Qərbin, Amerikanın narahatçılığı
Mövcud situasiya, Rusiyanın xeyrinə, Qərbin, Amerikanın isə əleyhinə idi. Çünki hər şeydən əvvəl Qərb, Amerika üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılması yubanırdı. Paralel olaraq Rusiya regionda əsas qüvvə kimi mövcudluğunu qoruyub saxlayırdı. Bütün bunlarla paralel olaraq Kreml üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışmırdı.
Azərbaycan liderinin diplomatik gedişləri və sülhə doğru atılan addımlar
Necə ki, işğal dövründə, eləcə də ötən 5 ildə Azərbaycan dövləti, onun güclü, müzəffər lideri səbr, dözüm nümayiş etdirdi. Paralel olaraq uğurlu diplomatik gedişlərini həyata keçirdi. Məhz bu diplomatik gedişlər Qərbin, Amerikanın regiona, xüsusilə də Azərbaycana olan marağını daha da artırdı. Nəticə etibarilə Ağ Ev son sözü dedi.
Beləliklə, son sözə saatlar qalıb. Bu gün okeanın o tayında Cənubi Qafqaz üçün yeni həyat, yeni gələcəyin başlanğıcına xidmət edəcək imzalar atılacaq.
Arzuman Muradlı,
"Mili İnkişaf" ictimai birliyinin sədri
Newscenter.az üçün