
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Birləşmiş Ştatlara səfərinə təkcə Ermənistanla münasibətlərin normallaşması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması prizmasından baxmaq kifayət deyil. Bu səfərə geniş aspektdən yanaşmaq lazımdır. Hər şeydən əvvəl bu səfər Azərbaycan dövləti və onun liderinin dünyanın super gücü olan Ağ Ev rəhbəri səviyyəsində qəbul edilməsi, eyni zamanda Bakının yürütdüyü siyasətin okeanın o tayında təqdir edilməsi deməkdir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov dövlət başçısı İlham Əliyevin Birləşmiş Ştatlara işgüzar səfərinə münasibət bildirərkən səsləndirib. Millət vəkili deyib ki, Cənab İlham Əliyevin Vaşinqtona səfəri tarixi qərarların alınacağı tarixi səfərdir:
"Təsadüfi deyil ki, Ağ Ev rəhbəri Donald Tramp da səfəri tarixilik baxımından əhəmiyyətli hesab edib və qeyd edib ki, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq. Səfər proqramından məlum olduğu kimi bu gün Birləşmiş Ştatlar və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sənəd imzalanacaq. Bu sənəd yekun sülh müqaviləsi olmasa da, ancaq Cənubi Qafqaza davamlı sülh və təhlükəsizliyin gəlməsi baxımından əhəmiyyətli olacaq".
İlham Məmmıdov onu da qeyd edib ki, bu gün Birləşmiş Ştatlar Cənubi Qafqazda davamlı sülhün əldə olunmasını daha çox istəyir və bunda maraqlıdır:
"Düzdür, burada iqtisadi amillər də var və xüsusilə Zəngəzur dəhlizinin açılması Birləşmiş Ştatlar üçün iqtisadi dividentlər gətirəcək. Zəngəzur dəhlizinin açılmasının yolu isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir. Ona görə də Vaşinqton Azərbaycanla Ermənistan arasında tezliklı sülh müqaviləsinin imzalanmasını istəyir. Təbii ki, sülh müqaviləsinin imzalanması üçün də Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistan tərəfindən həyata keçirilməlidir".
Millət vəkili onu da bildirib ki, Cənab İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycanla Amerika arasında münasibətlərin inkişafı baxımından da yeni bir mərhələnin başlanğıcı olacaq:
"Bildiyimiz kimi Bayden administrasiyasından fərqli olaraq Tramp hakimiyyəti Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir. Bu önəm, Azərbay6cana olan maraq Ağ Ev rəhbərinin bu illər ərzində Cənab İlham Əliyevə ünvanlıdğı məktublarda da əksini tapıb. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin okeanın o tayına səfəri Cənubi Qafqaz regionu ilə yanaşı, Bakı ilə Vaşinqton arasında münasibətlərin inkişafı, onun yeni bir mərhələyə qədəm qoyması baxımından da əhəmiyyətli olacaq".
Süleyman