
“Azərbaycan–Çin münasibətləri hər iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən dostluq və əməkdaşlıq əlaqələridir. Bu münasibətlər 1992-ci ildən – Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra qurulmağa başlayıb. Pekin ilə Bakı arasında münasibətlər hər ötən gün daha da inkişaf edir və yeni əməkdaşlıq imkanları ortaya çıxır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə baş tutan Çin səfəri də bu mənada xüsusi önəm kəsb edir”
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov dövlət başçısının Çinə səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan və Çin yüksək səviyyəli siyasi dialoq saxlayırlar:
“Ölkə rəhbərləri BMT, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda əməkdaşlıq edir. Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan da “Vahid Çin” prinsipini dəstəkləyir və Tayvanın müstəqilliyini tanımır”.
Deputat diqqətə çatdırıb ki, Bakı Pekinlə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda Pekin də Bakı ilə əlaqələrin inkişafına maraq gösrərir, yerləşdiyimiz coğrafiyada Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə mühüm önəm verir:
“Çünki Çinlə Azərbaycanı təkcə siyasi əlaqələr deyil, eyni zamanda geniş spektri əhatə edən iqtisadi əməkdaşlıq da bir-birinə bağlayır. Çin Azərbaycanın “Orta Dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsində vacib tərəfdaşlardan biridir. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə Çinin dəstəyi var və bu təşəbbüs çərçivəsində əməkdaşlıq genişlənir. Enerji və nəqliyyat sahələrini əhatə edən perskpektivli əməkdaşlıq imkanları mövcuddur. Belə ki, Çin şirkətləri Azərbaycanda enerji və infrastruktur layihələrində iştirak edir. Nəqliyyat baxımından Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çin üçün Avropaya çıxış baxımından strateji əhəmiyyət kəsb edir”.
Azərbaycan Prezidentinin Çinə səfəri zamanı qarşılanma mərasiminə də diqqət çəkən millət vəkili qeyd edib ki, Cənab İlham Əliyev üçün dünya liderlərinə xas qarşılanma mərasimi təşkil edildi və belə bir qarşılanma mərasimin təşkili təkcə Bakıda deyil, eyni zamanda bütün dünyada böyük maraq, eyni zamanda müzakirə predmeti yaradıb:
“Dünyanın super gücü hesab edilən Çin dövləti tərəfindən Azərbaycan liderinə olan bu yüksək münasibət Pekinin Bakıya nə dərəcədə önəm verdiyinin bir daha əyani sübutudur”.
Süleyman