
"Uktayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərini həm Cənubi Qafqazda, həm də Avrasiya məkanında dəyişən geosiyasi reallıqlar fonunda qiymətləndirmək daha düzgün olar. Bu səfər təbii ki, formal diplomatik təmas deyil, daha çox, Ukraynanın müharibə şəraitində yeni tərəfdaşlıqlar qurmaq və siyasi manevr imkanlarını genişləndirmək cəhdinin tərkib hissəsidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, bizim üçün bu görüş Azərbaycanın artan regional rolunu möhkəmləndirmək və onu yalnız enerji ixracatçısı deyil, həm də siyasi platforma kimi təqdim etmək baxımından əhəmiyyət daşıyır:
"Kiyev üçün Bakı ilə yaxınlaşma bir neçə istiqamətdə strateji məna kəsb edir. Birincisi, Ukrayna müharibənin uzandığı şəraitdə Qərbdən kənar tərəfdaşlarla əlaqələri gücləndirməyə çalışır. Azərbaycan bu baxımdan həm enerji, həm logistika, həm də potensial hərbi-texniki əməkdaşlıq sahələrində alternativ imkanlar təqdim edir. Xüsusilə pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsi Kiyev üçün praktik əhəmiyyət daşıya bilər. İkincisi, Zelenskinin Azərbaycanın mümkün danışıqlar platforması kimi təqdim olunmasına işarə etməsi Ukraynanın diplomatik manevr sahəsini genişləndirmək niyyətindən xəbər verir. Bu, həm Rusiyaya, həm də Qərb paytaxtlarına ünvanlanmış mesajdır ki, Kiyev müxtəlif vasitəçilik formatlarına açıqdır".
Politoloq qeyd edib ki, Bakı üçün isə bu səfər daha çox balans siyasətinin davamı kimi görünür:
"Azərbaycan artıq uzun müddətdir ki, Rusiya, Qərb və region ölkələri arasında nisbətən tarazlı xarici siyasət yürüdür. Zelenskinin səfəri və yüksək səviyyədə qarşılanması Bakının Ukraynanın ərazi bütövlüyünə prinsipial dəstəyini bir daha nümayiş etdirməklə yanaşı, onu münaqişə tərəfləri arasında potensial dialoq məkanı kimi önə çıxarır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, gələcəkdə vasitəçilik imkanlarını da genişləndirə bilər.
Ümumilikdə isə, Zelenskinin Azərbaycana səfərinə geniş strateji və humanitar məzmun daşıyan bir prosesin tərkib hissəsi olaraq baxmaq lazımdır. Səfər və razılşadırılan məsələlər orta və uzun müddətli perspektivdə həm Bakı, həm də Kiyev üçün yeni imkanlar açır. Azərbaycan bu münasibətlərdə həm öz milli maraqlarını qoruyur, həm də beynəlxalq əməkdaşlığa və humanitar dəyərlərə əsaslanan siyasətini davam etdirir. Bu isə ölkəmizin etibarlı, balanslı və proqnozlaşdırıla bilən tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir".
Süleyman











































