
"Son bir həftə ərzində üç Avropa ölkəsinin-Latviya, Ukrayna və Çexiya Respublikasının dövlət və hökumət başçılarının Azərbaycana səfəri ölkəmizin beynəlxalq siyasətdə əldə etdiyi güclü mövqenin əyani göstəricisidir".
Bunu Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, Prezident İlham Əliyev dövlətlərarası münasibətlərdə ölkəmizin maraqlarının bütün siyasi spekulyasiyaların fövqündə durduğunu bir daha nümayiş etdirdi:
"Azərbaycan Rusiyameyilli xarici siyasət yürüdür deyən bəzi psevdo demokrat və liberal “siyasi xadimlərə” sadəcə Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərinə aid şəkilləri göstərmək kifayətdir. Müharibə başladıqdan sonra Ukrayna prezidentinin postsovet ölkələri içərisində ziyarət etdiyi yeganə ölkə olan Azərbaycan suverenliyini tam şəkildə bərqərar etmiş yeganə dövlət olduğunu bir daha sübut etdi. Heç şübhəsiz ki, üç Avropa ölkəsinin dövlət və hökumət başçılarını ölkəmizə gətirən siyasi həmrəylik mövqeyi ilə yanaşı iqtisadi münasibətlərin diktə etdiyi tələb və maraqlardır".
Elçin Ağamalı qeyd edib ki, Avropanın ən uzaq nöqtəsində yerləşməsinə, kiçik coğrafi göstəricilərə malik olmasına baxmayaraq Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən ölkələrdəndir:
"İstər Rusiya-Ukrayna, istərsə də ABŞ, İsrail-İran müharibələri dünyanın onilliklər boyu formalaşmış enerji və nəqliyyat düzənini pozmaqla yanaşı, bir çox Avropa ölkələrinin gələcək iqtisadi və sosial münasibətlərini ciddi təhdid etməkdədir. Əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan transmilli boru kəmərləri ölkəmizin karbohidrogen məhsullarının satışındakı asılılığını tamamilə ortadan qaldırmaqla yanaşı, cənubi və şərqi Avropa ölkələrinin bir çoxunu fasiləsiz və etibarlı enerji daşıyıcıları ilə təmin edir. Ölkə prezidenti cənab İlham Əliyev Orta Dəhliz ideyasını reallaşdırmağa başlayanda nə Rusiya-Ukrayna müharibəsi var idi, nə də ABŞ-İran müharibəsi. Fenomenal siyasi duyum nəticəsində Orta Dəhliz bu gün bir çox Avropa ölkələri üçün ən optimal nəqliyyat dəhlizi funksiyasını öz üzərinə götürməyə başlayır".
Elçin Ağamalı əmin olduğunu bildirib ki, üç Avropa ölkəsinin rəhbərlərinin ölkəmizə ard-arda səfəri Azərbaycan-Avropa münasibətlərini daha da möhkəmləndirəcək, iqtisadi və hərbi sahədəki əməkdaşlığı şahələndirməklə bütün tərəflərə fayda verəcəkdir:
"Qoşulmama hərəkatının ən fəal üzvlərindən biri kimi Azərbaycanın hər hansı bir dövlətlə malik olduğu siyasi, iqtisadi və hərbi əməkdaşlıq üçüncü bir dövlətə qarşı yönəlməyib, onun suverenliyi və təhlükəsizliyi üçün təhdid yaratmır. Bu baxımdan Rusiya, Çin, ABŞ, İran, Avropa Birliyinə üzv olan və olmayan ölkələrlə bərabərhüquqlu münasibətlər quran Azərbaycan dünyada unikal xarici siyasət modelini ortaya qoymuşdur. Bu xarici siyasət sadəcə Azərbaycanın deyil, yaxın gələcəkdə bütün cənubi Qafqazın tam suverenliyinin təminatı olacaqdır".
Süleyman










































