
"Bakıdan Tbilisiyə qatarın minimum gedişhaqqı 81 manat olacaq. Böyük ehtimalla bu plaskartın qiymətidir. 2019-cu ildə isə plaskartın qiyməti 26 manat idi. Yəni qiymət 3 dəfədən çox artıb. Faizlə bu 211,5% inflyasiya deməkdir. Mərkəzi Bankın rəsmi göstəricilərinə görə isə ötən 7 ilin cəmi (toplanan, kumulyativ) inflyasiya göstəricisi təxmini 50%-dir. Başqa sözlə, bizdə rəsmi inflyasiya göstəricisi azı 4 dəfə aşağıdır".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Əkrəm Həsənov deyib. O xatırladıb ki, Mərkəzi Bankın sədri ilə ekspertlərin sonuncu görüşündə əsas mübahisə mövzularından biri bu idi:
"Belə ki, Mərkəzi Bank inflyasiya göstəricisini hesablayarkən tələbatı yüksək olmayan çoxsaylı malların (xidmətlərin) da qiymətini nəzərə alır. Halbuki, əhalini ilk növbəti yüksək tələbat olan şeylərin qiymətinin artması maraqlandırır. Tbilisiyə qatarın qiyməti də onlardan biridir".
Əkrəm Həsənov hesab edir ki, rəsmi inflyasiya göstəricisini həmişə tam əminliklə 4-ə vurmaq olar:
"Məsələn, Mərkəzi Bankın bu ilə inflyasiya proqnozu təxmini 6%-dir. Deməli, real qiyməti artımı hardasa 25% olacaq".
Aygün












































