Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT üzv ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yeni mərhələyə keçir

TDT üzv ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yeni mərhələyə keçir


"Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun kəsb edir. Artıq dövlətlərin təhlükəsizliyini yalnız hərbi potensial, sərhədlərin qorunması və müdafiə qabiliyyəti ilə məhdudlaşdırmaq mümkün deyil. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, kibertəhdidlər, informasiya müharibələri, hibrid təhdidlər, kritik infrastrukturun təhlükəsizliyi və enerji-nəqliyyat sistemlərinin dayanıqlılığı dövlətlərin milli təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı məkanında təhlükəsizlik məsələlərinin daha sıx əməkdaşlıq və koordinasiya əsasında həll edilməsi xüsusi əhəmiyyət daşıyır".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Prezident İlham Əliyevin sentyabrın 17-də Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasını təmsil edən yüksək səviyyəli təhlükəsizlik rəsmiləri iştirak ediblər.

"Sözügedən görüşdə prezident İlham Əliyevin mesajlarının əsas xəttini belə ümumiləşdirmək olar. Təhlükəsizlik və sabitlik olmadan davamlı inkişaf mümkün deyil.
Bu yanaşma xüsusilə TDT coğrafiyası üçün aktualdır. Çünki təşkilata üzv dövlətlər mühüm geosiyasi və geoiqtisadi yolların kəsişdiyi bir məkanda yerləşirlər. Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizləri, enerji marşrutları, ticarət yolları və kommunikasiya xətləri bu coğrafiyanın strateji əhəmiyyətini artırır.

Bu səbəbdən təhlükəsizliyin təmin edilməsi təkcə siyasi sabitliyin qorunması məsələsi deyil. Söhbət eyni zamanda iqtisadi inkişafın, investisiyaların, nəqliyyat əlaqələrinin, enerji layihələrinin və regional əməkdaşlığın qorunmasından gedir".

Politoloq diqqətə çatdırıb ki, TDT üzv ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq artıq yeni mərhələyə keçir:

"Bu mənada Prezident İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik şuraları arasında əməkdaşlığın Türk dünyasının inteqrasiya prosesinin yalnız siyasi, iqtisadi və mədəni istiqamətlərlə məhdudlaşmadığını göstərdiyini bildirib".

Süleyman
Xəbəri paylaş