Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Bir millət, iki dövlət” fəlsəfəsinə mütləq sadiq qalınmalıdır!

“Bir millət, iki dövlət” fəlsəfəsinə mütləq sadiq qalınmalıdır!


Son günlərdə Azərbaycan və Türkiyənin birliyini sarsıtmaq istəyən antitürk dairlər müxtəlif təxribatlara əl atmaqla iki Türk dövlətini bir-birinə qarşı qoymaq istəiyrlər. Bunu, biz bir neçə illər öncə Türkiyə və Ermənistan arasında aparılan danışıqlar zamanı əyani şəkildə də görmüşdük. Belə ki, sapı özümüzdən olan baltalar Türkiyədə Azərbaycan baryağını, Azərbaycanda isə Türkiyə bayrağını aqağılamağa və s. cəhd göstərdilər. Hətta bəzi məlum dairələr Azərbaycanda Türkiyəni, Türkiyədə isə Azərbaycanı düşmən kimi qələmə vermişdilər.

Hazırda da Azərbaycan və Türkiyə mediasında, sosial şəbəkələrdə iki qardaş dövlətin bir-birinə münasibətdə hansısa incikliyindən, giley-güzarından, hətta xəyanətindən belə bəhs olunur. Adətən, bu cür məsələlər meydana çıxan kimi, Azərbaycan və Türkiəyədə “bir millət, iki dövlət” şüarının əleyhdarı olan «milli təəssübkeşlər» fəallaşırlar. Hərdən təəccüb edirsən ki, görəsən bu «milli təəssübkeşlər», yaxud da sapı özümüzdən olan baltalar nədən hər iki dövlətin maraqlarını ifadə edən ortaq məsələlərdə də bu cür aktivlik göstərmirlər. Ancaq əllərinə hər hansı kiçik bir «bəhanə» düşən kimi, bir-birinin ardınca qardaşın qardaşa xəyanətindən bəhs edən çıxışlar edirlər.

Deməli, Azərbaycan-Türkiyə birliyinə gölgə salmaq istəyənlər sözdə «milli təəssübkeşlər»dir. Əslində isə, onları maraqlandıran heç də guya, ayrı-ayrılıqda nə Türkiyə, nə də Azərbaycanın çıxarları deyil, onların məqsədi Türk birliyinə, Türk həmrəyliyinə və bütövlükdə Türk Dövlətləri Təşkilatının güclənməsinə qarşı yönəlmiş «milli təssübkeşlik»dir. Belə olduğu halda, Azərbaycan və Türkiyədəki «milli təəssübkeşlər»in bir adı var: antitürkiyə, antiazərbaycan, bir sözlə antitürk dairələr və onların xaricdəki havadarları.

Xüsusilə, vahid Türk millətinin maraqlarına zidd olan informasiyalara, köşə yazılarına rast gələndə təəssüf hissi keçirməyə bilmirsən. Digər tərəfdən bu yazılarda söhbət müstəqil iki dövlətə sahib olan türklərin bir-birinə münasibətdə hansısa xəyanət etməsindən gedirsə, bu artıq təəssüf və təəccüblə ifadə oluna biləcək bir durum da deyildir. Bu cür hallara son qoymaq mümkün olmasa da, ancaq «mili təəssübkeş»lərə və onların havadarlarıba həddini bildirmək üçün hər iki Türk dövlətinin aydınları, ziyalıları öz konkret münasibətlərini hökmən ifadə etmələridir. Çünki Azərbaycan və Türkiyə türkləri ayrı-ayrı dövlətlərdə müstəqil şəkildə yaşasalar da, onların ortaq milli çıxarları vardır. Bu da, ilk növbədə vahid türklüyü, vahid türk mədəniyyətini, vahid türk varlığını, vahid türk torpaqlarının bütövlüyünü sonsuza kimi qorumaq və yaşatmaqla bağlıdır.

Zatən türklük türkün adı deyildir, onun ruhudur, mənviyyatıdır. Türk mənəviyyatı, türk ruhu hər zaman maldan, paradan üstün olmuş, onun üçün müqəddəs olan kimliyi, həyat tərzi və Tanrıya olan inamdır. Bir sözlə, mənəviyyatını və ruhunu, cismini və maddiyyatını vəziyyətə, situasiyaya görə müəyyənləşdirənlər türk ola bilməzlər və deyillər də.

Vaxtilə 20-ci əsrin böyük Türk dövlət xadimlərindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk «Azərbaycanın sevinci sevincimiz, kədəri kədrimizdir» kimi məşhur ifadəsini təsadüfi dilə gətirməmişdir. Eyni zamanda, Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq və ozaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının yanında olmağa hazır olmalıdırlar: «Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir».

Burada ulu öndər Heydər Əliyevin 1997-ci il mayın 5-də Türkiyə Respublikasının “Dövlət nişanı”nın təqdim olunması mərasimində çıxışı zamanı ifadə etdiyi bir fikri xatırlatmaq yerinə düşərdi. Heydər Əliyev mərasimdə bəyan etmişdi: “Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir”. Deməli, Türkiyədə Mustafa Kamal Atatürkün, Azərbaycanda Heydər Əliyevin dövlət müstəqilliyi və Türk xalqlarının birliyi uğrunda apardıqları mübarizələr bizlər üçün əsas örnək olmalıdır.

Ulu öndər Heydər Əliyevin Türkiyə və Azərbaycan birliyinin xarakterinə dair söylədiyi bir millət iki dövlət ifadəsi, bu iki qardaş xalqın qırılmaz tellərlə bir-birinə bağlılığını təsbit edir. Türkiyə ilə Azərbaycan arasında əsrlər boyu mövcuud olan qardaşlıq, dostluq əlaqələri, müasir geosiyasi şəraitdə sülhün və əmin-amanlığın bərqərar olmasının rəhnidİr.

Bu gün Türkiyə-Azərbaycan birliyinin qorunub saxlanılması çox vacibdir. Biz, Azərbaycan və Türkiyə olaraq “bir millət, iki dövlət” fəlsəfəsinə mütləq əməl etməliyik. Əks təqdirdə, yalnız bizlər deyil, Türküstandakı Türk dövlətləri və bütövlükdə dünyadakı Türk xalqları üçün də böyük xəyal qırıqlığı baş verəcəkdir.

Prezident İlham Əliyev 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərinin qalibi olduqdan sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində bir daha bəyan edib ki, Azərbaycan ilk növbədə, beynəlxalq təşkilatlar arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcəkdir və bu, Azərbaycan üçün prioritetdir. Dövlət başçısına görə, buna əsas səbəb odur ki, dünyada Azərbaycanın bir ailəsi var, o da Türk dünyasıdır: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Dövlət başçısı Türk birliyi ilə bağlı fikirlərinin davamında bildirmişdir ki, Azərbaycan olaraq yalnız Türk Dünyasında özümüzü çox yaxşı hiss edirik: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Ona görə də Prezident İlham Əliyevin qarşısına qoyduğu əsas məqsələrdən biri odur ki, Türk Dövlətləri Təşkilatı (TDT) qlobal səviyyədə “önəmli aktora və güc mərkəzinə” çevrilməlidir.

Bizə elə gəlir ki, yuxarıda qeyd etdiklərimizin mahiyyətini dərk etmək üçün, istər Azərbaycanda, istərsə də Türkiyədə milli şüurumuza yeridilən və indinin özündə də bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, vahid bir millətin min illiklər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış etməliyik. Çünki vahid Türk fəlsəfəsini, Türk tarixini, Türk dini-fəlsəfi düşüncə sistemini, Türk ədəbiyyatını mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan və b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ümumi Türk fəlsə­fə­si, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiy­yatı, türk tarixindən də bəhs olunmalı, tədris edil­mə­li­dir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında ye­ni­cə müs­təqil­liklırini bərpa edən ölkələrin gənc nəsilləri, sözün həqiqi məna­sında türkçülüyü – Türk kimliyini, Türk mədəniyyətini, Türk fəlsə­fə­si­ni, Türk tarixini daha dərindən və yaxından anlamış olacaqlar.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli
Xəbəri paylaş