
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM-in) Azərbaycanın birtərəfli siyasi seçimlərinə əsasən təşkil edilən toplantı olmadığı bəsbəllidir. AQEM – təşəbbüsü 1992-ci ildə Qazaxıstan tərəfindən irəli sürülmüş, sonradan təsisatlanmış beynəlxalq işbirliyi platformudur. Türkiyə də, Azərbaycan da, İsrail də, Fələstin də bu platformun üzvləridir.
Azərbaycanın ev yiyəsi olması ona üzv dövlətlərə münasibətdə öz siyasi rəğbətinə uyğun ayrı-seçkilik etmək yetkisi vermir; əksinə, ev yiyəliyi daha böyük diplomatik məsuliyyət, təmkin və institusional güvənirlik tələb edir.
Türkiyənin Xarici işlər nazirinin və bir sıra başqa ölkələrin nümayəndələrinin İsrail Prezidentinin çıxışı zamanı zalı tərk etməsi siyasi etiraz formasıdır, bu mövqeyi anlamaq mümkündür. Ancaq bir dövlətin etiraz üsulunu digər dövlət üçün məcburi davranış meyarına çevirmək nə dərəcədə doğrudur?
Zalı tərk etmək siyasi mövqe ola bilər, zalda qalmaq isə mütləq siyasi dəstək demək deyil. Özəlliklə ev yiyəsi dövlətin beynəlxalq toplantını idarə etmək məsuliyyəti nəzərə alınmalıdır.
Bakı nə Qəzzada baş verən faciələrin səbəbkarıdır, nə də beynəlxalq platformun üzv dövlətlərinin siyasi mövqelərinə görə cavabdehdir. Azərbaycanın diplomatik vəzifəsi həmin platformun fəaliyyətini təmin etmək, dialoq imkanlarını qorumaqdır. (Burada başqa bir incəlik də var: Bakıya gələn şəxs İsrailin Baş naziri Benyamin Netanyahu deyil, Prezidenti İshaq Hersoq idi. Əlbəttə, bu fərq İsrailin siyasətinə yönələn tənqidləri aradan qaldırmır; ancaq dövlət başçısının konstitusion statusu ilə hökumət rəhbərinin siyasi yetkilərini fərqləndirmək diplomatik incələmənin elementar tələbidir.)
Türkiyə böyük Cümhuriyyət gələnəyinə, güclü dövlət təcrübəsinə və zəngin fikir həyatına malik qardaş ölkəmizdir. Azərbaycan–Türkiyə münasibətləri də tarixi yaddaşın, ortaq mədəniyyətin, strateji çıxarların və qarşılıqlı fədakarlığın yaratdığı möhkəm birlikdir. Belə bir birliyi sosial şəbəkə emosiyalarının, seçilmiş və ya qondarılmış fotoşəkillərin, yanlış protokol yozumlarının girovuna çevirə bilməyəcəklər.
Qardaşlıq fərqli düşündüyümüz məqamlarda da bir-birimizin dövlətinə, ləyaqətinə və suveren qərarlarına sayğıduyarlığı bacarmaqdır. Emosiyanı siyasətin yerinə qoymamaq, diplomatik məsuliyyəti nümayişkaranə davranışa qurban verməmək – doğru olan budur.
Azərbaycanla Türkiyənin birliyi kiminsə təsdiqinə möhtac deyil. Ancaq bu birliyin qorunmasının məsuliyyət, siyasi mədəniyyət və qarşılıqlı sayğı tələb etdiyi də aşkardır.
Əkbər Qoşalı












































