
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik tarixində xüsusi və əlamətdar yer tutur. Bu tarix Azərbaycan xalqının əsrlər boyu yaşatdığı azadlıq və müstəqil dövlətçilik arzularının XX əsrin sonlarında yenidən gerçəkləşdiyi mühüm mərhələni ifadə edir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi xalqımızın taleyində yeni bir dövrün başlanğıcı oldu. Qarşıda müstəqil dövlət quruculuğu, milli dövlət institutlarının formalaşdırılması, ölkənin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsi kimi böyük və məsuliyyətli vəzifələr dayanırdı.
Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi ağır siyasi, iqtisadi və hərbi sınaqlar dövlətçiliyimizin qarşısında ciddi təhdidlər yaratmışdı. Məhz belə mürəkkəb bir dövrdə xalqın tələbi və iradəsi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafında həlledici mərhələ oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətçilik ənənələri möhkəmləndirildi, ölkədə sabitlik və inkişaf üçün möhkəm siyasi və iqtisadi əsaslar yaradıldı.
Bu siyasi kurs bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilir. Azərbaycan son illərdə böyük inkişaf yolu keçərək regionda söz sahibi olan, müstəqil xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətə çevrilib.
Müstəqilliyimizin ən böyük tarixi nəticələrindən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıdır. 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz Zəfər və 2023-cü ildə suverenliyimizin bütün ərazilərimizdə tam təmin olunması Azərbaycan dövlətçiliyinin gücünü və xalqımızın milli iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrlərindən birini yaşayır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi müstəqilliyimizin bizə verdiyi imkanların real göstəriciləridir.
Müstəqilliyi qorumaq və gələcək nəsillərə daha güclü Azərbaycan əmanət etmək hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Dövlətimizin gücü, xalqımızın birliyi və milli həmrəyliyimiz bu yolda ən böyük dayaqlarımızdır.
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənlərimi səmimi-qəlbdən təbrik edirəm. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızın müstəqilliyi əbədi, dövlətimiz daim güclü və qüdrətli olsun!
Fatma Yıldırım,
Milli Məclisin deputatı












































