Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəyanatdan real suverenliyə: Azərbaycan dövlətçiliyinin təkamül strategiyası

Bəyanatdan real suverenliyə: Azərbaycan dövlətçiliyinin təkamül strategiyası



18 oktyabr 1991-ci il tarixi Azərbaycanın müasir dövlətçilik salnaməsində mühüm konseptual dönüş nöqtəsidir. Həmin tarixdə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilmişdir. Hüquqi və siyasi baxımdan xüsusi çəkiyə malik olan bu fundamental sənəd XX əsrin sonlarında Azərbaycanın milli suverenliyinin bərpası, müstəqil dövlət institutlarının təşəkkülü və ölkənin beynəlxalq hüququn tamhüquqlu subyekti kimi qlobal geopolitik sistemə inteqrasiyası üçün həlledici baza rolunu oynamışdır. O illərdə ölkənin dərin siyasi, iqtisadi və hərbi anarxiya ilə üz-üzə qalması dövlətçiliyi məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Məhz ona görə də 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyi bu təhlükədən xilas etdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə daxili stabillik təmin edilmiş, hüquqi dövlət quruculuğunun əsasları qoyulmuş, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın geostrateji və iqtisadi müstəqilliyinin bünövrəsi atılmış, eləcə də balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz diplomatik təcriddən azad olaraq etibarlı tərəfdaş statusu qazanmışdır.

​2003-cü ildən günümüzədək olan dövr ərzində isə Heydər Əliyev kursunun davamçısı olan Prezident İlham Əliyevin daxili və xarici siyasətin inteqrasiya strategiyası Azərbaycanı dünya arenasında öz sözü və çəkisi olan dövlətlər sırasına daxil etdi. Ölkə rəhbəri bu xətti uğurla davam etdirərək milli güc potensialını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Daxili siyasətdə iqtisadiyyatın diversifikasiyası, ordunun modernləşdirilməsi və sarsılmaz milli-mənəvi həmrəyliyin bərqərar olunması əsas prioritetə çevrilmişdir. Xarici siyasətdə isə milli maraqlara söykənən müstəqil diplomatiya vasitəsilə Azərbaycan regional liderə, transmilli enerji və nəqliyyat koridorlarının mərkəzi qovşağına çevrilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və müasir inkişaf dövrü ölkə prezidentinin uğurlu siyasəti və idarəçiliyi ilə bağlıdır. Bu strateji kursun məntiqi nəticəsi olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Hazırda Azərbaycan öz suverenliyini qoruyaraq azad edilmiş ərazilərdə genişmiqyaslı reabilitasiya və uğurlu quruculuq prosesini həyata keçirir.

​Beləliklə, 1991-ci ildə hüquqi bəyanatla başlayan müstəqillik yolu məqsədyönlü strategiya sayəsində tam, sarsılmaz və reallığa çevrilmiş dövlət suverenliyi ilə zirvəyə çatmışdır. Bu gün Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət deyil, eyni zamanda regionun təhlükəsizlik və inkişaf xəritəsini müəyyən edən qlobal miqyaslı güc mərkəzidir.

Ruhiyyə Mehdiyeva,

"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru
Xəbəri paylaş