Newscenter.az.27.11.2019. “2005-ci ildə MTN-nin keçirdiyi “Qara kəmər” əməliyyatını Eldar Mahmudovla Hacı Məmmədov quraşdırmışdı”.
Azpost.info bildirir ki, bu sensasiyalı bəyanatla metropolitenin sabiq rəhbəri, YAP-ın Yasamal rayon şöbəsinin sədri Tağı Əhmədov bakupost-a müsahibəsində çıxış edib: “Prezidentin ona inamı var idi. O da haradan yarandı, Eldarın fırıldağından. Özünün quraşdırdığı “Qara kəmər” məsələsi var idi, Hacı Məmmədovu orada yağ içində böyrək kimi saxlayırdı. Cahangirin yoldaşı tutulanda Prezident tapşırıq vermişdi ki, nə olur olsun, o xanım sağ-salamat xilas edilməlidir. Bu da qurulmuş iş idi. Onunla özünə bir az reytinq qazandı və o reytinqlə də çox irəli getdi”.
“Yəni deyirsiniz, Hacı Məmmədov da Eldar Mahmudovun layihəsi olub?” sualına T. Əhmədov “bəli, bir nömrəli quraşdırılmış iş idi. Hacı Məmmədovla Eldar ikisi də “obaxeysdə” işləmişdi. “Oboxeys” də ki manat yığmaqla məşğul idi, ayrı bir işi yox idi ki”.
T.Əhmədov E. Mahmudov haqqında “O, xəyanətkarlıq deyildi, vəzifəpərəstlik idi, vəzifə hərisliyi idi” deyib: “O, əlbəttə, ziyan idi, söhbət ondan getmir. Belə bir misal var, deyir, heç bir naxır qotur danasız olmur. Bundan sonra da içimizdə Eldarlar olacaq. Eldar artıq o qədər yağlanmışdı ki, ətrafındakılarının da gözü heç nəyi görmürdü. Buna görə də hər bir adam nəzarətdə saxlanmalıdır”.
T. Əhmədov MTN-nin ondan 3 milyon manat rüşvət alması barədə bəzi məqamları açıqalyıb: “Bu, Eldar Mahmudovun əli ilə Çovdarovun elədiyi iş idi. Baxmayaraq ki, 16 il Metropolitenin rəisi olmuşdum, metro da onun kurasiyasında idi, amma onu heç vaxt görməmişdim. Mənə sifariş göndərəndə dedim ki, mən heç kəsə rüşvət vermək niyyətində deyiləm. Demişdi ki, bir dənə maşın alsın. Əlbəttə, mənim üçün maşın almaq elə böyük bir şey deyildi. Sonradan isə 3 milyon tələb olundu. Mən də bunu açıq şəkildə elan etdim. Məhkəmədə də dedim, sübut etdim. Bu, Çovdarovun işi deyildi, Eldar Mahmudovun göstərişi ilə olan iş idi. Eldar Mahmudov o qədər azğınlaşmışdı ki, gözü yeri görmürdü. Məndən alınan 3 milyon onun üçün semiçka pulu idi. Eldar Mahmudov başqalarından 20, 30, 50 milyonlar almışdı. Eldar Mahmudovun işverənləri var idi. Harada ki, gedirdin bir iş görmək istəyirdin, o iş gördüyün adam tez Eldara siqnal verirdi ki, filankəsdə pul var, gəlib məndən bu qədər yer istəyir. Eldar da çağırırdı, soyurdu adamları. Onunla dəfələrlə oturub söhbət etmişik. Hətta bir iki dəfə mənə də deyib gedək bir yeyək-içək. Demişəm çox sağ ol, Sizin işiniz, bəlkə, yeyib-içməkdir, amma metro gecə-gündüz işləyir”.
“Mənim oğluma böhtan atmaq istəyirdi. Oğlumunsa həmin vaxt ürəyinə 3 dənə stend qoymuşdular, heç nəyi düşünmürdüm. Mənim oğlum prezidentin sərəncamı ilə hakim təyin olunmuşdu. Ona nə Mahmudovun, nə də Çovdarovun gücü çatmazdı nəsə etməyə. Amma mən ata olaraq hiss edirdim ki, əgər onu çağırıb danışdırmaq belə istəsələr, ürəyi tutar, ölə bilər. Ona görə də 3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən Eldara, yaxud da Çovdarova pul verim?!”-deyə T.Əhmədov vurğulayıb.
T. Əhmədov Eldar Mahmudovun həbs olunmamasını azadlıq saymadığını deyib: “Azadlıqda deyil. Bunu azadlıq saymaqla səhv edirsən. Bu nə sənin işindir, nə də mənim. Bu, Prezidentin səlahiyyətindədir və cənab İlham Əliyev fikirləşir ki, əgər o cür adam türməyə getsə, məhv olacaq, çünki orada tutdurduğu nə qədər adam var. Ən böyük mənəvi əzab nədir? Ev dustağı olmaq! O hətta yasa da gedəndə icazə ilə gedir. Ev dustağıdır, ev dustağı olaraq da qalacaq. Amma general olan özünün başına bir güllə vurub deyərdi ki, etdiyim xəyanətə görə mənim yerim bura deyil. Amma üz var da, oturur”.