Newscenter.az.2.05.2020. "Milli Məclisin mayın 1-də keçirilən iclasında Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin təqdimatına əsasən Kamran Əliyevin respublikamızın Baş Prokuroru vəzifəsinə təyin olunmasına millət vəkilləri olaraq yekdilliklə razılıq verdik. Cənab Prezident həmin gün Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunması haqqında Sərəncam imzaladı.
Öz adımdan və seçicilərim adından hörmətli Kamran müəllimi bu yüksək vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, Kamran Əliyev bu şərəfli və məsuliyyətli vəzifəsinin öhdəsindən layiqincə gələcək və prokurorluq sistemində yeni dövrün çağırışlarına cavab verən islahatların aparılmasına öz töhfələrini verəcək!".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Fatma Yıldırım onu da qeyd edib ki, mayın 1-də Azərbaycan Prespublikasının Prezidenti Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən kadr islahatları məsələsinə geniş toxundu:
"Milli həmrəyliyə daha çox ehtiyac olduğu indiki dönəmdə hörmətli Prezidentimizin qeyd etdiyi kimi bəzi məmurlar qanunsuzluqlara yol verir, hətta imkansız ailələr üçün ayrılmış ərzaq yardımlarını mənimsəməkdən belə çəkinmirlər. Həqiqətən də, belə hərəkətlər vicdansızlıqdır. Bu yolun yolçuları layiq olduqları cəzanı almalıdırlar və alırlar da! Son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi bir sıra əməliyyatlar bunu təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir məmurun başlıca vəzifəsi xalqa xidmət etmək olmalıdır. Əks halda, qanunsuzluğa yol verənlər, rüşvət alanlar, insanları incidən məmurlara qarşı lazımi ölçülər götürüləcək".
Millət vəkili bildirib ki, möhtərəm Prezidentimiz tərəfindən ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyətimizin həyatı üçün böyük əhəmiyyət kəsb edir: "Çünki biz kadr islahatlarının özündə yenilikləri, inkişafı ifadə etdiyini görürük. Hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişiklər baş verir ki, bu da cəmiyyətimizdə rəğbətlə qarşılanır. Cənab Prezidentimiz kadr islahatlarının bundan sonra da davam etdiriləcəyini bəyan edib. Şübhəsiz ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcək".
Anar