Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir



Newscenter.az.2.06.2021. Azərbaycan koronavirus pandemiyası meydana gələn ilk gündən buna qarşı zamanında adekvat addımlar atan, eyni zmaanda COVİD-19-a qarşı mübarizədə beynəlxalq təşəbbüslərlə çıxış edən ölkələrdən olub. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycanın bu təşəbbüsləri qlobal səviyyədə dəstək görür, alqışlanır. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və həmin çıxışa olan münasibətdə də bunu aydın gördük.

Milli Məclisin deputatı Eldəniz Səlimov deyir ki, Prezidentin çıxışı dünyanı bürümüş olan COVİD-19-a qarşı aparılan islahatlar haqqında idi:

"Çıxış olduqca informativ alınmışdır. Cənab İlham Əliyev Pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunduğunu bildirmişdir. Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüşdür. COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir. Bu tədbirlərin nəticəsində pandemiya dövründə işsiz qalmış vətəndaşlar aylıq təzminatlar əldə etmişlər. Həmçinin biznes sahiblərinə də önəmli yardımlar olunmuşdur. Tarixin bu çətin anlarında bizneslərini ayaqda saxlamaq üçün dövlət tərəfindən onlara subsidiyalar ayrılmışdır".

Deputat qeyd edib ki, çıxış zamanı Prezident vaksinasiya ilə bağlı rəsmi məlumatları açıqlamışdır:

"Onun sözlərinə görə pandemiya ilə mübarizənin hazırki mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Operativ Qərargahın son brifinqində də bu məsələ ilə bağlı məlumatlar verilmişdir. Brifinqdən aydın olmuşdur ki, yaxın zamanda bütün ictimai iaşə obyektləri fəaliyyətlərini bərpa edəcəklər. Qeyd olunan ictimai iaşə obyektləri yalnız COVID-19 pasportu olan vətəndaşlara xidmət göstərəcəkdir. Cənab Prezident daha sonra pandemiya ilə mübarizə işinin ölkəmizdə necə planlı keçirildiyini vurğulayıb. Pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Həqiqətən də pandemiya ilə mübarizədə Azərbaycan bütün dünya ölkələrinə mükəmməl örnəkdir. Dövlətimiz tərəfindən pandemiyaya qarşı atılan hər bir addım çox uğurlu sayıla bilər".

"Həmçinin vurğulamaq istərdim ki, Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir" deyən millət vəkili onu da diqqətə çatdırıb ki, Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır:

"Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Zəngin ölkələrin hakimiyyətləri anlamalıdır ki, bu necə bir səhv addımdır. Məsələ bütün dünyanı bürüyüb və sarsıtmış virusa gəldikdə sən ancaq özüvü düşünməməlisən. Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin müdrikliyi bunu anlamağa ona imkan yaradıb. Bu düşüncəyə sahib olmaqla biz öz uzaqgörənliyimizi bütün dünyaya nümayiş etdirmiş oluruq. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ayrıca qeyd olunmalıdır. Dünyada baş vermiş bu vəziyyət mənə bir hadisəni xatırlatdı. Həmişə batan gəmidən birinci siçovullar qaçır. İnkişaf etmiş ölkələr pandemiya dövründə özlərini həqiqətən də siçovullar kimi aparmış oldular. Batmaqda olan dünyamızda birləşərək, bir-birimizə yardım olmaqdansa yalnız öz canlarını qurtarmağa çalışdılar. Həmin ölkələr anlamalıdırlar ki, dünyamızda baş verən istənilən qlobal hadisə birbaşa onlara da təsir edəcəkdir. Onların əllərində olan imkanlar ilə bütün dünya əhalisini vaksinləşdirmək olardı".

Eldəniz Səlimov bildirib ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir:

"Hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayır. Azərbaycan ÜST ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir. Bütün bu sadalananlar bir daha bizim xalqın necə sülhsevər, multikultural düşüncəli və çətinlik çəkənlərə yardımçı olan bir xalq olduğunu nümayiş etdirdi".

Ruhiyyə
Xəbəri paylaş