
Azərbaycan dövləti və xalqı həqiqətən xoşbəxtdir ki, onun dahi Heydər Əliyev kimi müdrik tarixi şəxsiyyəti və Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi güclü tarixi Sərkərdəsi vardır. Çünki Ümummilli Liderimiz Heydər Əliyev dövlətimizin və xalqımızın ən ağır günlərində böyük xilaskarlıq missiyasını uğurla həyata keçirib, Azərbaycanın qurtuluşuna imza atdı.
Əlbəttə ki, bizim dövlətimizi və dövlətçiliyimizi, azərbaycançılıq məfkurəsini, milli ideologiyamızı qəbul etməyən, daha doğrusu gözü götürməyən və hər vəchlə ona qarşı çıxmaq istəyən anti-milli ünsürlər zaman-zaman başqaları tərəfindən zibil tullantısı kimi ortaya atılmışdır. 1994-1995-ci illərdə dövlət çevrilişinə cəhd edən bir qrup özbaşına stereotiplər Ulu Öndər Heydər Əliyevin milli maraqlarımız naminə olan siyasətini və onun Azərbaycan dövlətinə və xalqına olan sonsuz sevgisini tükəndirə bilmədi. Onlar necə deyərlər öz qazdığı quyuya özləri düşdülər.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu “xalq-dövlət” birliyi sarsılmazlığını sübuta yetirdi və dövlətçiliyimiz böyük bir təhlükədən xilas oldu. Eyni prosesi biz 2003-cü ildə Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ilk dəfə ölkəmizə prezident seçildiyi zaman təkrar yaşadıq. Amma heç nə dəyişmədi. Əksinə Azərbaycan xalqı bir daha sübut etdi ki, heç kim bizim milli birliyimizi poza, dövlətçilik ənənələrimizi məhv edə bilməz. Belə bir acınacaqlı deyim var:- sapı özümüzdən olan baltalar. O baltalar ki, ixtiyarı başqalarının əlində olmaqla yanaşı, milli ruhu və kimliyi müəyyən qrantlar hesabına haldan-hala düşüb hər gün dəyişir. Mili ruhu olmayan bu əqidəsizlər dövlətini və xalqını heç cür sevə bilməz!.
Ulu Öndər Heydər Əliyevin vaxtilə iş verdiyi, öyrətdiyi, kadr kimi hazırladığı və ən əsası çörək verdiyi “adamların” dövlətimizə və ölkəmizə xələl gətirəcək hərəkətlər etməsi çox utancvericidir və riyakarlıqdır. Daha da açıq və konkret desək, Prezident Adminstrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdən danışırıq. Qoy əvvəlcə deyim ki, Ulu Öndər Heydər Əliyevin verdiyi çörək sənin burnundan gəlsin. Dövlətə xəyanət, dövlət çevrilişinə cəhd və digər bu kimi çirkin əməllər bu “ağsaqqal” yaşında sənin nəyinə gərəkdi?! Heç olmasa normal şərəfli insan kimi dünyanı dəyişərdin. Ulu Öndərin əziz ruhu və cənab Prezidentin sənə göstərdiyi etimad qarşısında utanmadınmı?. Erməni təcavüzkarlarından xilas etdiyimiz dövlətimizin ərazisində sən demə o separatçılardan betər milli kimliyi bilinməyən xəyanətkarlar yaşayırmış. “Axırıncı aşırım” bədii filmini xatırlasaq, bir metafora edib mütləq söyləməliyəm ki, Ramiz Mehdiyev, sənin 3-5 dənə topun-tüfəngin ola bilər, ancaq bunlar sadəcə elə özün və ətrafındakılar kimi xəyanətkar qrupu dağıda bilər, Azərbaycan dövlətini isə əsla!
Çünki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev elə bir şanlı tarix yazdı ki, qədirbilən xalqımız hər zaman “Prezident-Xalq-Ordu” birliyinə sadiq qalacaq və öz milli liderinin ətrafında “dəmir yumruq” kimi birləşəcəkdir. Necə ki, bunu xalqımız 2003-cü ildə və ötən illərdə keçirilən Prezident seçkilərinin hamısında, həmçinin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin Antiterror tədbirlərində əyani şəkildə nümayiş etdirib, dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşdi və nəticədə düşməni tamamilə məhv etdi. Odur ki, heç kim bizi Ulu Öndərin siyasi irsinə və cənab Prezidentimizə olan sevgimizdən vaz keçirə bilmədi və buna cəhd etmək istəyən- xarici havadarların rəngbərəng siyasi don geyindirdiyi Ramiz Mehdiyev kimi “siyasətçilər” Vətənimizə və dövlətimizə xəyanət etməklə, tarixin qaranlıq səhifəsinə gömüldülər.
Azərbaycan xalqı bu gün Prezident İlham Əliyevin ali rəhbərliyi altında xoşbəxt və firavan gələcəyə doğru inamla addımlayır və əldə etdiyimiz hər uğurlu nailiyyətimiz zamanı bir daha əmin oluruq ki, dahi Heydər Əliyevin ideyaları daim yaşayır və yaşayacaqdır!.
İlham Məmmədov, Milli Məclisin deputatı











































