Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhali daha çox işğaldan azad edilən hansı rayonu ziyarət etmək istəyir?



Newscenter.az.4.06.2021. Sosial Tədqiqatlar Mərkəzi (STM) davamlı olaraq ictimai rəyi, sosial dinamikanı, cəmiyyətdə baş verən tendensiyaları, aparıcı düşüncələri, istiqamətləri tədqiq edir, sorğularla nəticələri əldə edir, analitik sənədlər ərsəyə gətirir, dövlət rəhbərliyinə, müvafiq qurumlara, ictimaiyyətə açıq və qapalı arayışlarla, təqdimatlarla prosesdə iştirakını həyata keçirir.

Mərkəzdən bildirilib ki, STM hazırda bir çox istiqamətlərdə paralel tədqiqatlarla yanaşı, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında ailələrin vəziyyəti, ailədaxili münasibətlər, proseslər, yeni ailə dəyərləri və s. mövzularda fundamental sorğu sənədini ərsəyə gətirmək üzrədir.

Qeyd olunub ki, STM gündəlik dinamikanı öyrənmkələ, qiymətləmndirməklə, blits sorğulara müraciət edir, sosial düşüncənin dəyişən sərhədlərini tədqiq edir, öyrənir, nəticələr barədə ictimai açıqlamalar aparır.

Beləliklə, STM ölkənin 8 iqtisadi-coğrafi rayonunda 1121 respondentin rəyini öyrənib.

Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin çoxpilləli stratifikasiya yanaşmasından istifadə edilib ki, bu da hər bir vətəndaşa bərabər səviyyədə iştirak imkanı verib.

Keçirilən rəy sorğusunda ümumilikdə 1121 respondent iştirak edib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Genişmiqyaslı tədqiqatdan öncə 20 respondentlə sınaq tədqiqatı keçirilib. Tədqiqat işi 2021-ci ilin aprelin 25-dən mayın 18-dək olan dövrdə keçirilib. Telefon zəngləri saat 10:00-21:00 arasında edilib. Sorğunun keçirilməsində 4 anketyor iştirak edib.

Sorğu keçirildiyi müddətdə tədqiqatın etik qaydalarına əməl olunub. Respondentlərin hər birinə sorğunu keçirən təşkilat, sorğunun məqsədi və qaydaları haqda tam məlumat verilib.

Müsahibələrin məxfiliyi ciddi şəkildə qorunub. Bütün müsahibələrdə anonimlik təmin edilib.

10 Noyabr 2020-ci il tarixində milli ordumuzun qələbəsi ilə yekunlaşan Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ələ keçirdiyi Ermənistan ordusuna məxsus eksponatların sərgiləndiyi Hərbi Qənimətlər Parkı aprelin 12-də açılıb. Böyük hərbi və tarixi əhəmiyyətə malik park açıldığı ilk gündən ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Hərbi Qənimətlər Parkına dair ictimai rəyi öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu keçirilib

Ali təhsilli respondentlər arasında parkın açılmasına dair məlumatlılıq səviyyəsi daha yüksək olduğu halda, ən aşağı göstərici orta təhsilli respondentlər üzrədir. Bakı və Aran iqtisadi rayonunda əhalinin 70%-dən çox hissəsi parkın açılmasından xəbərdardır ki, bu da digər regionlardan ən azı 10% daha yüksəkdir. Aylıq gəlir artdıqca məlumatlılıq səviyyəsi yüksəlir.

Parkın açılmasına münasibətə gəlincə, əksəriyyət (86%) parkın açılmasına müxtəlif dərəcələrdə yaxşı münasibət bildirsə də, 7% respondent neytral mövqedədir. Yuxarı Qarabağ (Bərdə ətraf rayonlar), Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonuna aid olan respondentlərin daha böyük hissəsi digər ərazilərə nisbətdə parkın açılmasına müsbət münasibət göstərir.

Müsbət münasibət göstərən respondentlərin təxminən 65%-i parkı qələbəmizin rəmzi kimi görür.

Hərbi Qənimətlər Parkının yaradılmasını erməni ordusunun gücsüzlüyü kimi hesab edən respondentlərin sayı 53 faizə bərabərdir. (Nəticələr ayrı qiymətləndirildiyi üçün 100 faizdən yuxarı ola bilər)

Sorğu keçirildiyi müddətdə respondentlərin cəmi 5%-i Hərbi Qənimətlər Parkını ziyarət etdiyini bildirib. Parka getməyənlərin 71%-i oraya ziyarəti planlaşdırsa da, 21,6% neytral düşüncəyə sahibdir. Bakıda yaşayanların 12,5%-i parkı ziyarət edib ki, bu da digər bölgələrə nisbətdə 2 dəfədən çoxdur.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu 7 rayonu, eyni zamanda Dağlıq Qarabağın ən əhəmiyyətli mövqelərini - Şuşa, Xocavəndin böyük hissəsini, Xocalının bəzi kəndlərini, Talış qəsəbəsini, Hadrut və Suqovuşanı işğaldan azad edib. İşğaldan azad olunan torpaqlarda yenidənqurma və əhalinin köçü hazırda siyasi və ictimai sferanın əsas məsələlərindən biridir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusunda respondentlərin işğaldan azad olunan torpaqları ziyarət etmək niyyəti öyrənilib.

İnfrastrukturun tam bərpa olunması halında 67,1% respondent dərhal, 18% respondent isə bir neçə aydan sonra həmin yerləri ziyarət edəcəyini bildirib. Demək olar ki, hər 10 nəfərdən biri işğaldan azad olunan torpaqları yalnız bir neçə ildən sonra ziyarət etmək niyyətinin olduğunu ifadə edib. Cəmi 5% iştirakçı dövlətin təhlükəsizlik tədbirlərinin görülməsindən, ərazilərin minalardan təmizlənməsindən sonra ziyarət edəcəyini bildirib. Yaş və aylıq gəlir səviyyəsi artdıqca işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istəyənlərin çəkisi artır. Orta peşə-ixtisas təhsilli və ali təhsillilərin ziyarət niyyəti digər təhsil qruplarındakı şəxslərə nisbətdə daha yüksəkdir. Yuxarı Qarabağdan olan respondentlərin 86%-i işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istədiyini deyib ki, bu da ən yüksək göstəricidir. Paytaxtda məskunlaşan respondentlərin isə 63,3%-i eyni cavab variantını seçib. Yaxın gələcəkdə işğaldan azad olunan torpaqlara getmək niyyətini özündə əks etdirən göstəricilərə münasibətdə bölgələr üzrə Quba-Xaçmaz və Lənkəran diqqət çəkir. Ziyarət niyyəti olan 861 respondentin ən çox getmək istədiyi yerlər kimi bu ərazilər önə çıxıb – Şuşa (85%), Kəlbəcər (53%) və Laçın (44,5%).
Xəbəri paylaş