Newscenter.az.19.06.2021. 15 iyun 2021-ci ildə Azərbaycan prezidenti cənab Olham Əliyev və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında "Şuşa bəyannaməsi" imzalandı. Bu bəyannamə əhatə etdiyi mövzulara və sahələrə görə Azərbaycan və Türkiyə arasında imzalanmış ən genişmiqyaslı sənəd kimi yadda qaldı. Təbii ki, tərəflər arasında imzalanmış bu sənəd region və dünya dövlətləri tərəfindən birmənalı qarşılanmadı. Bu sənədə ən çox reaksiya verən isə Ermənistan və Rusiya oldu. Ermənistanın məsələyə reaksiya verməsi onların prizmasından başa düşüləndir. Burada daha çox diqqəti cəlb edən Rusiyanın mövqeyi oldu.
Bakıda səfərdə olarkan Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasının mümkünlüyü ilə bağlı jurnalistlərin suallarına cavab verməsi Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskovun "Şuşa bəyannaməsi"ndə qeyd edilmiş hərbi əməkdaşlıq məsələsi və Türkiyə hərbi bazalarının Azərbaycanda yaradılmasının mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, "NATO ölkələrinin hərbi obyektlərinin Rusiya sərhədlərində yerləşdirilməsi xüsusi diqqət və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin görülməsinə ehtiyac yaradır"
Dimitri Peskovun bu ifadələri ortaya bir neçə sual çıxarır.
Maraqlıdır ki, Peskov bilmirmi ki, NATO ölkələri deyil, elə məhz NATO-nun özü 2004-cü ildən Rusiya ilə qonşudur? Əgər Türkiyə NATO dövləti olaraq Rusiyaya təhlükə yaradırsa, niyə Rusiya Türkiyə milyardlarla dəyərində silah və hərbi texnika satışı həyata keçirir? Burada xüsusilə s-400 raket konpleksini qeyd etmək olar. Niyə Rusiya Türkiyə ilə qonşu olan Ermınistanda hərbi baza qurub, Ermənistan-Türkiyə sərhəddini qoruyur? Bu Türkiyənin təhlükəsizliyi üçün təhdid deyilmi? Rusiyadan soruşan varmı ki, sən niyə Ermənistanda hərbi baza qurmusan? Rusiya niyə Türkiyə ilə sərhəd olan Suriyada mövcuddur? Rusiyanın Suriyada mövcudluğu Türkiyə üçün təhdid xarakteri daşımırmı?
Sözsüz ki, suallar çoxdur. Hesab edirəm ki, Rusiya tərəfi bu suallara cavab verməlidir. Digər tərəfdən isə "Şuşa bəyannaməsi" hansısa dövlətə qarşı təhdid xarakteri daşımır. Bu bəyannamə iki dost və qardaş dövlətin bir-birinin təhlükəsizliyinə dəstək verməsi kimi qiymətləndirilməlidir. Eyni zamanda Azərbaycan müstəqil və suveren dövlətdir. Ona görə də özünün daxili və xarici siyasət kursunu özü müəyyən edir.
Samir Hümbətov-siyasi şərhçi