Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin SSRİ-ni bərpa edirmi... - Qazaxıstandan sonra növbədə hansı ölkədir?



Newscenter.az.11.01.2022. Qazaxıstanda son bir həftədə baş verən proseslər bir çox məsələlər kimi, 30 ildir tarixə gömülən Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) adını yenidən gündəmə gətirib. Bu da səbəbsiz deyil.

SSRİ-ni bərpa etmək, onun alternativini yaratmaq fikirlərini dövriyyəyə buraxan şimal qonşumuz üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) adı altında öz hərbi kontingentini Qazaxıstan prezidenti Qasım-Comərt Tokayevin çağırışı ilə bu ölkəyə yeritdi. Tokayevin razılığı ilə rus-KTMT sülhməramlıları Qazaxıstanda görünsə də, hər kəs bu işin arxasında “rus barmağı” axtarmağa başladı...

Çoxları hesab edir ki, üzdə SSRİ-nin bərpasının mümkünsüzlüyündən tez-tez danışan Kreml sahibi Vladimir Putin əslində bu arzusunu reallaşdırmaq üçün durmadan çalışır. Hazırda MDB məkanının əksər ölkələrində Rusiya qüvvələrinin olması bir çox mətləblərdən xəbər verir...
Qazaxıstan olayları özü ilə bərabər həm də bu sualları yaradıb:

SSRİ bərpa edilə bilərmi? Keçmiş ittifaq respublikalarının, hazırkı müstəqil dövlətlərin suverenliyinə təhlükə varmı? Hazırkı dünya düzənində Sovet İttifaqının bərpası realdırmı? Qazaxıstan olaylarının SSRİ-ni bərpa etmək istiqamətində atılan addım kimi təqdim edilməsi doğru yanaşmadırmı?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bütün bu suallarla bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, Rusiya prezidenti Vladimir Putin başda olmaqla, Rusiyanın siyasi elitası son vaxtlar SSRİ-nin bərpası ilə bağlı buna xidmət edən ayrı-ayrı dövlətlərin müstəqilliyinin təhdidinə yönəlik açıqlamalar verir:

“Həmin ölkələrin, xüsusi olaraq Ukrayna və Qazaxıstanın Rusiyanın tarixi ərazisi olması haqqında əsası olmayan iddialar irəli sürürlər. Digər tərəfdən, sanki bunu reallaşdıracaq addımlar atırlar. Ukraynanın ərazisi olan Krımı ilhaq edirlər, eyni zamanda Ukraynanın şərqində Luqansk və Donetskidə öz agentura şəbəkəsi ilə qurama respublika yaradıb, əslində onu idarə edirlər. Bu gün bu qondarma respublika Rusiya tərəfindən hərtərəfli təchiz, təmin olunur və idarə edilir. Bu azmış kimi, Qazaxıstanda hazırlanmış ssenariyə uyğun olaraq iğtişaşlar yaradıldı. Əlbəttə, bu iğtişaşların qarşısını almaq üçün Qazaxıstanın özünün kifayət qədər gücü və imkanları var idi. Onun yetərincə silahlı qüvvələri mövcud idi. Amma Müdafiə Nazirliyinin imkanlarından və potensialından istifadə edilməməklə Daxili Qoşunlar və polis vasitəsilə bu ixtişaşları yatırmaq olardı. Lakin iğtişaşları özləri yaratdığı üçün bunun xarici qüvvələrlə bağlı olduğunu önə çəkərək, terrorçular adı verməklə Rusiyanın silahlı qüvvələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çətiri altında Qazaxıstanda yerləşdirilməsi deyilənləri bir az da rəsmiləşdirir”.

Fəzail Ağamalı: “Əgər Rusiya açıq şəkildə SSRİ və ya ona bənzər bir qurumun yaradılmasına cəhd etsə, bu, onun özünün faktiki məhvinə və parçalanmasına gətirib çıxardar”

Deputat heç bir halda SSRİ-nin bərpasına inanmır:

“Məndə belə bir güman var ki, bunlar nə qədər SSRİ-ni və ya ona uyğun bir sistemi yaratmağa çalışsalar da, bu heç cür real görünmür. Çünki Rusiyanın özünün durumu bir o qədər də yaxşı deyil. Qərblə ciddi şəkildə qarşıdurmadadır. Onun aqressiv və kəskin addımları, nəhayət, Amerika başda olmaqla, Qərbi, Avropanın dərin dövlətlərini hərəkətə gətirə bilər. Əgər indiki zaman kəsiyində Rusiya Ukrayna ilə hərbi əməliyyatlara start versə, şübhə etmirəm ki, artıq bir neçə il bundakından fərqli olaraq Qərb də, NATO da Kremlə qarşı hərbi əməliyyatlara başlamaq zorunda qalacaq. Çünki bunun qarşısı alınmasa artıq şimal qonşumuzu heç kim heç cürə dayandıra bilməyəcək. Ona görə də, məncə, Putin NATO-nun Şərqə doğru irəlilədiyini görərək təhlükəsizliyini təmin etmək üçün bu cür radikal addımlara əl atır, bəyanat xarakterli tələblərini Qərbin qarşısında qoyur. Artıq bugünlərdə başlayacaq dialoq düşünmürəm ki, hər hansı bir nəticəni versin. Çünki Qərb, NATO Kremlin bəyanatında irəli sürdüyü şərtləri qəbul etsə, bu, Rusiya üçün çox böyük güzəşt olar, rəsmi Moskvanı həvəsləndirər, onun qarşısını almaq mümkün olmaz. Ona görə də Ukraynada bu məsələlər hansısa bir formada öz həllini tapacaq. Ola bilsin ki, qarşılıqlı kompromis əldə olunsun. Qazaxıstanla bağlı hadisələr kifayət qədər narahatlıq doğurur. Çünki faktiki olaraq Rusiya KTMT adı altında özünün deyildiyi kimi yox, daha çox hərbi kontingentini Qazaxıstanda yerləşdirib. Ən mühüm strateji obyektlər məhz Rusiyanın desant qüvvələri tərəfindən mühafizə olunur. Eyni zamanda bugünlərdə verilən məlumata görə, heç bir nişanı olmayan qara paltarlıların və maskalıların xəbərdarlıq etmədən meydanı avtomatlardan və pulemyotlardan atəşə tutması, çoxsaylı insanların həlak olması göstərir ki, niyyət bütövlükdə Qazaxıstanı tam nəzarət altına götürməkdir. Rusiya bu gün özünün hərbi gücü ilə keçmiş SSRİ respublikalarını, bugünkü müstəqil dövlətləri özünə tabe etdirməyə, bütövlükdə bu məkanda təsir gücünü qoruyub saxlamağa çalışır. Kremlin yanaşması bundan ibarətdir ki, o, hərbi, yəni əsgər və zabitləri vasitəsilə bu ölkələri özünə tabe etdirməyə üstünlük verir. Baxın, deyildiyi kimi Rusiyanın bu gün qoşunları harada yoxdur ki? Demək olar ki, Belarus və Qırğızıstanda var, Ukraynada, Ermənistanda, Gürcüstanda, Azərbaycanda, Qazaxıstanda mövcuddur. İndi Özbəkistan və Türkmənistan qalıb. Mərkəzi Asiya ölkələrinin ən güclüsü, geniş imkanları olan Qazaxıstan nəzarət altına keçəndən sonra digərlərini də ram etmək və oraya bu və ya digər ssenari əsasında öz hərbi kontingentini yerləşdirmək Kreml üçün problem olmayacaq. Amma bir daha deyirəm ki, nəticə etibarı ilə SSRİ-nin bərpa olunması perspektivlərinə inanmıram. Bu mümkün də deyil. Ən azı Kreml belə bir yükü bu gün çiyninə götürmək gücündə və imkanında deyil. Digər tərəfdən, dünyanın düzəni dəyişib, reallıq fərqlidir. Rusiya açıq şəkildə SSRİ və ya ona bənzər bir qurumun yaradılmasına cəhd etsə, bu, şimal qonşumuzun özünün faktiki məhvinə və parçalanmasına gətirib çıxarar. Buna heç kəsin şübhəsi olmasın. Rusiya ancaq bu cür təxribat və ssenarilərlə keçmiş SSRİ respublikaları, yəni bu günkü müstəqil dövlətlərin ərazisində özünün hərbi kontingentini az və ya çox şəkildə hərbi baza, yaxud başqa formada yerləşdirməklə, saxlamaqla onlar üzərində təsir gücünü qoruyub saxlayır. Beləliklə, onların Qərbə inteqrasiyasını, NATO ilə daha geniş və sıx əməkdaşlığının qarşısını almağa cəhdlər göstərir. Bu proses güman etmirəm ki, nəticə etibarı ilə Rusiyanın xeyrinə qurtaracaq. Dediyim kimi, bir tərəfdən dünyanın fərqli reallığı var, digər tərəfdən, bu gün müstəqil dövlətlər özünün 30 illiyini ya qeyd edib, ya da qeyd etməyə hazırlaşır”.
Xəbəri paylaş