Newscenter.az.12.02.2022. Bildiyimiz kimi bugünlərdə Bakıda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bu layihənin iştirakçıları olan Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın nazirlərinin VIII toplantısı keçirilmişdir. Qeyd etmək lazımdır ki, iqtisadi və geosiyasi baxımdan bu layihənin siyasi və iqtisadi əhəmiyyəti daha da artır. Bildiyimiz kimi Cənub Qaz Dəhlizi layihəsinin son hissəsi olan TAP layihəsi 2020-ci ildə Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində tamamlanmışdır və sözsüz ki, bu layihənin müvəffəqiyyətlə başa çatması hər bir iştirakçı dövlətin uğurudur. Layihənin başladığı ilk gündən bu layihəyə Avropa Komissiyası, eləcə də layihədə iştirak edən bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən dəstək verilmişdir.
Dəyəri 33 milyard dollar olan bu layihə ildən ilə artan əhəmiyyətinə görə XXI əsrin ən böyük layihəsi hesab edilir. Bunun nəticəsidir ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar bu layihəyə lazımi dəstək vermişdir. Bir mənalı olaraq qeyd etməliyik ki, ölkəmizdə əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş enerji siyasəti möhtərəm Prezidentimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir. Məhz möhtərəm Prezidentimizin böyük uzaqgörənliyi və müdrikliyi, güclü diplomatiyasının nəticəsidir ki, onun rəhbərliyi və xeyir-duası ilə 2003-ci ildən bugünədək həyata keçirilən beynəlxalq səviyyəli neft-qaz layihələri geosiyasi və ekonomik baxımdan da ən əhəmiyyətli layihələrdən hesab edilir.
Məlumdur ki, dünyanın geosiyasi mənzərəsi günbəgün dəyişir. Bildiyimiz kimi Azərbaycanın yerləşdiyi coğrafiya tarix boyu dünyanın siyasi xəritəsində ən önəmli bölgələrdən biridir. Bu coğrafiya daima bir sıra super dövlətlərin diqqət mərkəzi olmuşdur. Bu mənada Avrasiyanın ən önəmli hissəsi olan Azərbaycanda dünyanın güc mərkəzləri ilə balanslı siyasət aparmaq,möhkəm və davamlı əməkdaşlıq qurmaq o qədər də asan olmamışdır. Məhz xalqımızın Ümummilli Liderinin, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qəti siyasi iradəsi, dühası və müdrikliyi sayəsində dövlətimiz dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və ən güclü dövlətləri ilə əməkdaşlıq edir və onların etibarlı tərəfdaşına çevrilmişdir. Ötən dövrlərdə baş verən hadisələr də bu deyilənləri təsdiq edir. Son illərdə,xüsusən də son vaxtlarda Rusiya-Ukrayna arasında baş verən məlum olaylara görə Avrasiyada yaranmış siyasi və iqtisadi gərginlik , xüsusən Avropanın enerji təchizatındakı ciddi böhran Azərbaycanın əvəzsiz rolunu bir daha gündəmə gətirdi. Ümumiyyətlə son 10-15 ildə dünyada yaranmış müxtəlif böhranlar zamanı ölkəmiz enerji təchizatı baxımından Avropanın etibarlı tərəfdaşı kimi böhranın çözümündə əvəzsiz töhfələr vermişdir. Sözsüz ki, Dövlət Başçımızın həyata keçirdiyi uzaqgörən siyasətlə hər birimiz qürur duyuruq. Yeri gəlmişkən qeyd edim ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında Azərbaycanın Avropanın enerji təminatında danılmaz rolu vurğulanır. Üzv ölkələri nazirlərinin iştirakı ilə keçirilən sonuncu-VIII toplantısında səsləndirilən bütün fikirlərdə də layihənin istismara verilməsindən ötən bir il ərzində qət edilən məsafə və əldə olunan uğurlu nəticələr və Azərbaycanın mühüm rolu vurğulanmışdır. Nəzərə alsaq ki, bu gün Avropada təbii qaza tələbin sürətlə artması, eləcə də sürətlə bahalaşması qlobal siyasi gündəmin əsas çağırışlarından birinə çevrilmişdir. Cənub Qaz Dəhlizini cazibədar edən çoxsaylı səbəblərdən biri də unikal, alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması, hər cür siyasi spekulyasiyalardan uzaq olmasıdır. Bu isə bilavasitə mənbə və ixracatçı ölkə olan Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda yeni qaz mənbələrinin və yataqlarının kəşf edilməsi ölkəmizin Avropa məkanının etibarlı tərəfdaşı kimi mövqeyini daha da gücləndirmişdir. Bu səbəbdən də Avropa İttifaqının Məşvərət Şurasının toplantısında iştirak edən yüksək təmsilçiləri Azərbaycanı Avropanın enerji təhlükəsizliyini təmin edilməsində ən etibarlı və əsas strateji tərəfdaşlarından hesab etdiklərini bildirmişlər.
Ümumiyyətlə həm 44 günlük Vətən müharibəsində, həm də müharibədən sonrakı dövrdə bölgəmizdə yaranmış
yeni reallıqlar fonunda Azərbaycan bir daha etibarlı tərəfdaş kimi bütün beynəlxalq öhdəliklərə sadiqliyini bir daha sübut etdi.
Sevindirici haldır ki, ölkəmizin əhəmiyyətli və etibarlı tərəfdaş olması Avropa İttifaqının ali rəhbərliyi tərəfindən dəfələrlə etiraf olunmuşdur. Sonuncu toplantıda iştirak edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətlərə toxunmuş və enerji siyasətimizin arxasında heç bir siyasi gündəmin olmadığını qeyd etmişdi. Möhtərəm Prezidentimiz çıxışında ölkəmizdə həyata keçirilən enerji siyasətinin daima çox açıq, şəffaf, biznes və nəticələrə hesablandığını, əməkdaşlığa, qazan-qazan prinsipinə və qarşılıqlı dəstəyə hədəfləndiyini vurğulamışdır. Xüsusən də O, çıxışında həm işğaldan azad olan ərazilərdə, həm də digər ərazilərdə hazırda ölkəmizin daxili enerji tələbatını ödəmək üçün çox mühüm yaşıl enerji layihələrə start verildiyini, Avropa İttifaqı ölkələrinə daha çox qaz ixrac olunması üçün yeni perspektivlərin yaradılmasını vurğulamışdır. Əlbəttə bütün görülən və planlaşdırılan bu işlər nəticə etbarı ilə ölkəmizin bu strateji məsələdə gələcəkdə də əhəmiyyətini və önəmini daha da artıracaqdır.
Əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra da Avropanın etibarlı enerji təminatçısı və strateji tərəfdaşı olacaqdır.
Məlahət İbrahimqızı-Milli Məclisin deputatı