Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ müharibəsinin başlamasından 34 il keçir



Newscenter.az.20.02.2022. 20 fevral 1988-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib. 1987-ci ilin sonlarından Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın başqa rayonlarında (Amasiya, Ararat, İcevan, Yeğeqnadzor, Meğri, Sisyan, Gorus, Qukark, Vardenis, Masis, Əzizbəyov, Artaşat, Hoktemberyan, Noyemberyan və s.) və şəhərlərində (Yerevan, Kirovakan, Hrazdan, Stepanavan, Spitak, Cermuk, Gümrü və s.) yaşayan azərbaycanlıların da aqibəti eyni olub. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. Azərbaycanlılar

1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıb. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib. Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub. 1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert) Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilib. Fevralın 16-dan martın 2-dək DQMV-də müxtəlif mitinqlər təşkil edilib. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verib (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyib). Fevralın 21-də isə Sov.İKP MK “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarıb və bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılıb. Buna baxmayaraq, fevralın 22-də Xankəndi-Ağdam şosesi üzərində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açıblar. Nəticədə iki azərbaycanlı gənc şəhid olub. Martın əvvəlində Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan “Qarabağ” təşkilatı maneəsiz şəkildə Yerevanda, “Krunk” təşkilatı isə Xankəndidə fəaliyyətə başlayıb. İyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edib. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq edib.

İyulun 18-də isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə qərar çıxarıb. Bununla SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müvafiq müddəanı rəhbər tutaraq respublikaların ərazi bütövlüyü prinsipini müdafiə edib. SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Dağlıq Qarabağda pozuculuq fəaliyyəti ilə məşğul olan, əsasən Ermənistandan göndərilən silahlı qruplar və terrorçular peyda olmuşdu. Belə bir şəraitdə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə yaradılan Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar - 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələnib. Erməni diasporu və lobbisi münaqişənin gedişatına təsir etməklə yanaşı, fəaliyyət göstərdikləri ölkələrdə uydurma iddialara əsaslanan təbliğat işi aparır və müxtəlif dövlətləri münaqişəni öz maraqlarına uyğun həllə yönəltməyə çalışırdı. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirilib. Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın dövlət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək istəyirdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli Hərəkatı qalib gəlib. Mahiyyət etibarilə Ermənistanda müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələr hakimiyyətə yiyələniblər. Bu isə onların təcavüzkar müharibəyə başlamasını daha da sürətləndirib. Yerevan bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəldib. Ermənistan problemi öz müharibə məqsədlərinə uyğun olaraq güc yolu ilə həll etməyə üstünlük verib.

Ona görə də danışıqlar prosesinə heç vaxt ciddi yanaşmayıb və danışıqlardan yalnız beynəlxalq ictimai rəydə görüntü yaratmaq məqsədi ilə yararlanıb.
İstər münaqişənin müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycanın mövqeyi SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı idi. Lakin o dövrdə Azərbaycan siyasi elitasının durumu, siyasi liderin olmaması vəziyyəti daha da çətinləşdirirdi. Proseslərin gedişini hərtərəfli təhlil etməyi bacaran, məsələlərin həlli üçün dövlətin iradəsinin, prinsipial mövqeyinin vacibliyini başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dövrdə məcburi istefada idi. Onun siyasətdən uzaqlaşdırılması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərib. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və Qanlı Yanvar faciəsinin törədilməsindən sonra Kreml və şəxsən prezident Mixail Qorbaçov tam nüfuzdan düşdü. Bakıdan sonra sovet qoşunları Neftçala və Lənkəranda mülki şəxsləri qətlə yetirdi. Ümumilikdə, Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər öldürüldü. Azərbaycan xalqının SSRİ-yə münasibətinin tamamilə dəyişməsində və öz milli müstəqillik ideyalarının reallaşdırılmasında 20 Yanvar faciəsi mühüm rol oynayıb.

Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü qərəzli siyasətə kəskin etirazını bildirib, sovet ordusunun dinc əhaliyə divan tutmasını qətiyyətlə pisləyib və daha sonra Kommunist partiyasının üzvlüyündən imtina edib. SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi. Komitə özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanırdı. Ümumittifaq dövlətçiliyini qəti şəkildə sarsıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu Komitənin fəaliyyəti əhəmiyyətsiz oldu. Yaranmış yeni siyasi reallıq SSRİ hakimiyyətinin nominal olduğunu və onun sonunun çatdığını göstərirdi. 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edilib, dekabrın 10-da isə “referendum” keçirilib. Ermənistan, SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi kimi qələmə verməmək üçün strategiyasını dəyişib belə bir plan cızmışdı. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edib. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlayıb. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçib. Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalıda soyqırımı aktı törədib. Nəticədə xeyli hissəsi - 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib. Xocalı soyqırımı 10-dan çox ölkə tərəfindən rəsmən tanınıb. Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoyub. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi, ümummilli lider Heydər Əliyevdə görüb və ölkənin gələcək
taleyini ona etibar edib.

1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ümummilli lider belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub. Münaqişə nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3889 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 871 nəfərin sonrakı taleyi məlum deyil.
Xəbəri paylaş