Məlum olduğu kimi, qədim yunan filosofu Aristotel hələ 2500 il bundan əvvəl tsiklik hakimiyyət nəzəriyyəsi irəli sürüb. Ən maraqlısı isə odur ki, bu nəzəriyyə indi də öz aktuallığını itirmir. Hazırkı təhlilin də məqsədi bu nəzəriyyəni müasir Rusiya gerçəklikləri nümunəsində nəzərdən keçirməkdir.
Aristotel deyir ki, hər bir cəmiyyət öz ölkəsində diktaturanın yıxılmasına və demokratiyanın bərqərar olunmasına, yəni xalqın hakimiyyətdə maksimum dərəcədə iştirakına çalışır. Amma xalq hakimiyyətə, yəni dövlət idarəçiliyinə hazır olmalıdır. Xalq hakimiyyətə hazır olmazsa, demokratiya yox, oxlokratiya yaranır. Oxlokratiya, demək olar ki, çoxluğun diktaturası deməkdir və burda çoxluq istədiyini edir, faktiki olaraq, azlığı istismar edir. Aristokratlar siyasətdən, siyasətçilər idarəçilikdən, idarəçilər iqtisadiyyatdan uzaqlaşdırılır və ölkənin kapitalı çoxluğun nüfuzunu qazanan, hakimiyyətin yanında olan dəllalların əlində toplanır.
Amma bu proseslər uzun çəkmir - oxlokratiya dayanıqsız bir sistemdir və qısa bir zamanda anarxiyaya çevrilir. Anarxiya isə güclü bir şəxsin meydana çıxması və hakimiyyəti öz əlinə alması, yəni diktatura yaratması ilə nəticələnir. Diktatura da uzun müddət davam edə bilmir, xalqın müqaviməti ilə üzləşir. Diktator xalqı istədiyi kimi əzir, hakimiyəti bir əldə cəmləşdirir və tirana çevrilir. Tiraniya ilə tsiklik hakimiyyət başa çatır və cəmiyyət yenidən demokratiya axtarışına meydanlara çıxır. Axtarışlar, bir qayda olaraq, inqilablarla başa çatır. Bu proses xalq demokratiyaya hazır olunca və ölkədə demokratiya bərqərar olunca, tsiklik olaraq davam edir.
Məlum olduğu kimi, 90-cı illərin əvvəllərində Rusiyada cəmiyyət demokratik hakimiyyətin bərqərar olunmasına, sovet diktaturasının yıxılmasına çalışırdı. Nətiçədə diktatura yıxıldı və diktator – Kommunist partiyası ləğv olundu. Amma xalq hakimiyyətə hazır deyildi və ölkədə demokratiya yox, oxlokratiya yarandı. Bəli, Boris Yeltsinin yaratdığı federasiya, faktiki olaraq, oxlokratiyanın bir nümunəsi idi. Federasiyanın bölgələrinə böyük səlahiyyətlər verilmişdi və onların hər biri, de-fakto müstəqil dövlət idi. Hər birinin öz seçkili prezidenti, silahlı birləşmələri və az qala, öz konstitusiyası var idi. Hər bir bölgənin kapitalı çoxluğun nüfuzunu qazanan və hakimiyyətin yanında olan dəllalların əlində toplanırdı.
Amma yuxarıda deyildiyi kimi,oxlokratiya uzun çəkə bilməzdi və tezliklə anarxiyaya çevrildi. Tatarıstan, Çeçenistan və sə ölkələr artıq de-fakto müstəqilliklə kifayətlənmirdilər, federal hakimiyyətlə hesablaşmaq istəmirdilər və de-yure müstəqillik iddiasına düşürdülər. Bu iddialar da bəzən bütün qanuni hədləri aşırdı və rus-çeçen müharibəsi kimi dəhşətli faciələrə yol açırdı. Cinayətkar aləm ölkənin ikinci sahibinə çevrilmişdi, Ded Xasan, Yaponçik kimi quldurlar Rusiyanın bütün bölgələrinə nəzarə edirdilər və öz adamlarını göndərirdilər. Təbii ki, bu cür anarxiya uzun müddət davam edə bilməzdi, Rusiya əhalisi kimi, prezidenti də “möhkəm əl” axtarışında idi.
Prezident Boris Yeltsinin Çernomırdin, Primakov, Stepaşin eksperimentləri yəqin çoxlarının yadındadır. Yeltsin 90-ların axırlarında cəmiyyətdə böyük nüfuzu olan bu adamları baş nazir təyin edirdi və özünün siyasi varisi elan etmək istəyirdi. Amma sonda FSB-nin o vaxtkı sədri, heç kimin tanımdığı Vladimir Putinin üzərində dayanmalı oldu. Putin hakimiyyətin Leninqrad klanının nümayəndəsi və baş nazirin müavini Anatoli Çubaysın namizədi idi. Yeltsin müəyyən səbəblərdən (Putin barədə geniş yazım olacaq – Q.A) Putinin üzərində dayandı və onu özünün siyasi varisi elan etdi. Yeni əsrin, yeni minilliyin başlanğıcında Boris Yeltsin istefa verdi və Rusiyanı Vladimir Putinə təslim etdi.
Vladimir Putin ilk növbədə oliqarxlardan, de-fakto onu hakimiyyətə gətirən və dəstəkləyən adamlardan başladı. Boris Berezovski və Qusinski Rusiyadan sürgün olundu, Xodorkovski isə Sibirdə türmə həyatına məhkum olundu. Rusiya cinayət aləminin xaç ataları - Ded Xasan və Yaponçik Moskvada naməlum şəraitdə öldürüldü. Eyni zamanda, Rusiyanın idarəetmə sisteminə də əl gəzdirildi. Federasiya bölgələrinin prezident seçkisi institutu ləgv olundu, bölgə rəhbərinin təyinatı Putinin səlahiyyəti elan olundu. Vladimir Putinə etiraz edən siyasətçilər (Boris Nemtsov və s.), jurnalistlər (Anna Politkovskaya və s.) yerindəcə güllələndi. Ölkə parlamentinin hər iki palatasına hakimiyyət partiyası yiyələndi. Bir sözlə, Rusiya de-fakto diktaturaya çevrildi.
Eyni zamanda, cənab Putin postsovet məkanına (Pribaltika respublikalarını çıxmaqla) da əl gəzdirdi. Keçmiş sovet federasiyasını bərpa edə bilməsə də, de-fakto konfederasiya şəklində bərpa edə bildi. Postsovet məkanı Rusiyaya müxtəlif formalarda rüsum ödəməyə başladı. Gürcüstan buna etiraz etdi cəzalandı, Ermənistan, Qazaxıstan etiraz etdi, cəzalandı, Ukrayna etiraz etdi, cəzalanır. Növbə yəqin ki, Avropaya gedən Moldovanındır, sadəcə olaraq, Putinin başı Ukraynada qarışıqdır. Moldovadan sonra növbə yəqin ki, Qazaxıstanındır. Başda ABŞ olmaqla, bütün Qərb dünyası isə aktiv seyrçi mövqeyindədir, arabir Rusiyanı təhdid edən bəyanatlar verir, sanksiyalar tətbiq edir. Yenə şükür...
Bəli, bu gün Rusiya diktaturası tiraniyaya çevrilir. Müxalifət liderləri güllələnir, zəhərlənir, ən yaxşı halda, türmədədir, bütün ölkə Putini dəstəkləyənlərin əlindədir. Posrsovet məkanının işğalı da davam edir. Deməli, Aristotelin tsiklik hakimiyyət nəzəriyyəsi Rusiya gerçəkliyində öz aktuallığını itirmir...
Qalib ARİF