Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili qədimliyi, zənginliyi, ahəngdarlığı, rəngarəngliyi, axıcılığı və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir. Azərbaycan xalqının ümummilli lideri, doğma ana dilinin gözəl bilicisi Heydər Əliyev ana dili haqqında demişdir: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.Xalqı xalq edən, milləti millət edən onun ana dilidir".
Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin dilimiz haqqında söylədikləri yuxarıdakı fikirlərin davamı kimi səslənir: "Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir".
Məlum olduğu kimi, hər hansı bir dilin güclü inkişafı və zənginləşməsində xüsusilə də dövlət dili statusu qazanmasında onu təmsil edən xalqın, millətin müstəqil dövlətinin mövcudluğu həlledici rol oynayır. Bu mənada müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan-türk dilinin daha geniş şəkildə tətbiq olunması üçün böyük imkanlar və münbit şərait yarandı. Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini bütün ölkə ərazisində rəsmi dövlət dili elan etdi.
Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Bu məsələdə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi. 2001-ci ilin iyulunda Ulu Öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu.
Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.
Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.
Günəş Cəfərova-YAP Nəsimi rayon təşkilatı Mir-Qasımov 1/8 ünvanında yerləşən ərazi ilk partiya təşkilatının sədri.