Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.
Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb. Məlumata görə, ordumuz Sarıbaba və Qırxqız yüksəkliyinə də nəzarəti ələ keçirib.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.