3 gündür, avqustun 1-dən başlayaraq erməni təxtibatçıları Qarabağ bölgəsində aktivləşiblər.
Müxtəlif silahlardan atəşlə gərginlik yaradırlar.
Bu gün səhər Rusiya sülhməramlıları nəzarəti altında olan ərazidən qanunsuz erməni silahlı dəstələrinin üzvləri, Laçın rayonu bölgəsində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Və nəticədə əsgərimiz Anar Kazımov aldığı güllədən şəhid olub. Allah rəhmət eləsin, ailəsinə səbr versin!
Bundan sonra Azərbaycan ordusu “Qisas”adlı antiterror əməliyyatına başlayıb. Və əməliyyat nəticəsində Qırxqız, Sarıbaba yüksəkliyi və bir sıra digər mühüm hakim yüksəkliklər nəzarətə götürülüb. Bundan başqa Ağdərə bölgəsində Yuxarı Oratağ sahəsində də ermənilərin hərbi hissəsi dağıdılıb, qarşı tərəfdə canlı və texniki qüvvədə itkilər var. Erməni tərəf hay-həşirdə!
Azərbaycan qarşı tərəfə bu cür qətiyyətli, ağır zərbə endirməkdə haqlıdırmı? Təbii ki, haqlıdır.
Sadə izaha varaq, niyə haqlıdır...
Erməni tərəf 30 il Rusiya, İran kimi havadarları hesabına ərazimizi işğalda saxlayıb suverenlik və milli mənafemizə açıqca qəsd etdi. Faşizm üsulu ilə əhalimizi qovub, talan edib, öldürüb, əsir götürüb genosid apardı. Hələ, lağ da etdi.
Axırda, Azərbaycan doğru anda, doğru addım atıb Ermənistan ordusunu amansızcasına əzdi, qırdı, dağıtdı. Tam məhvdən xilas üçün Erməni rəhbərliyi dünyaya ağız açdı. Dünya da, bizim Azərbaycana ağız açdı: yazığı yıxmısan kəsmə. Bizim Azərbaycan da kişilik, böyüklük göstərib Xocavənd-Ağdərə cinahında mühasirədəki 20 min erməni əsgərini qırmadı, Xankəndinə girib dağıtmadı, Ermənistanın dövlətini çökdürmədi.
Əvəzində nankor, riyakar erməni tərəfi 3 tərəfli məlum 10 noyabr (Bakı-Moskva-İrəvan) təslim bəyanatına əməl etməkdən yayınır. Üstündən1 il yarımdan çox keçib, sülhməramlılar arxasında gizlənib, öz hərbi hissələrini Azərbaycan ərazisi içərisindən çıxarmır, həmin ərazidə separatçılıq siyasətinə dəstək verir. Xankəndi bölgəsinə də İrəvan qanunsuz olaraq rəsmi şəxsləri, silah və hərbi texnika göndərir. Və bütün bu qanunsuz əməllərə də şərait yaradan Rusiya sülhməramlı hərbi kontingentidir. Nəticə isə göz qabağında, mütəmadi olaraq erməni silahlıları Azərbaycan ordusuna qarşı silahlı təhdid təxribatlar törədir.
Üstəlik də, Ermənistan ümumi sülh müqaviləsi prinsiplərinə, bir-birinə qarşı ərazi iddasından əl çəkmə, sərhədlərin bölünməsi və Naxcıvana yolun çəkilmə məsələlərinin həllinə əməl etmir.
Naxcıvanı blokadada qoyub, Laçın yolu istəyir. Ermənistan hakimiyyəti niyə, imzaladığı sazişə əməl etməkdən yayınır və bu yayınmaya hansı vaxtdan, hansı səbəbdən və hansı xarici amilin "ümidverici" təsirindən başlayıb, üstəlik də niyə hərbi təxribatlara varır, bunlar ayrıca söhbətdir. Və Ermənistan bunların məsuliyyətini çəkəcək.
Ancaq, nə olur olsun, Azərbaycan dövlət, xalq olaraq öz suverenliyinə qarşı yönələn istənilən təxribat, pozuculuğun qarşısını bundan sonra da tam qətiyyəti və gücü ilə almaqda haqlıdır! Və antiterror əməliyyatları davam etdirilməlidir.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri