Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əli Sadıxov 84 yaşında vəfat edib.
Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, Əli Sadıxov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu (İndiki Azərbaycan Texniki Universiteti) maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə bitirib. 1964-cü ildə Maşınqayırma texnologiyası kafedrasına assistent vəzifəsinə işə qəbul olunub. 1984-cü ildə dosent, 1991-ci ildə professor elmi adı alıb.
1971-1976-cı illərdə Əlcəzair Xalq Demokratik Respublikası, 1980-1984-cü illərdə Madaqaskar universitetlərində pedaqoji fəaliyyət göstərib. 1984-1987-ci illərdə Maşınqayırma texnologiyası kafedrasının müdiri, 1987-1989-cu illərdə Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Ali Məktəblər İdarəsinin rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun tədris işləri üzrə prorektoru, 1990-1992-ci illərdə rektoru vəzifəsini icra edib. Onun rektor vəzifəsində çalışdığı dövrdə instituta universitet statusu verilib və Azərbaycan Texniki Universiteti adlandırılıb.
140-dan çox elmi-metodiki əsərin, o cümlədən 12 ixtira, 15 dərs vəsaiti və monoqrafiyanın müəllifidir.
AzTU-nun rəhbərliyi və kollektivi Əli Sadıxovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!
R.Mehdiyeva