Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib. Səfər çərçivəsində Gazi, Orta Doğu Texniki, Anakara, Hacettepe, Eskişehir Texniki, Çankaya Universitetinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşlər keçirilib, həmçinin bir sıra mühüm sənədlər imzalanıb. Səfərin məqsədi universitet-sənaye işbirliyi və ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, həmçinin tədris proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılması ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsi olub.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, səfərin ilk günü nümayəndə heyətinin Gazi Universitetinin rektoru, professor Musa Yıldız və universitetin professor-müəllim heyəti ilə görüşü keçirilib. Görüşdə bakalavriat səviyyəsində elektrik-elektronika mühəndisliyi ixtisası üzrə Türkiyənin Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən təsdiqlənmiş ikili diplom müqaviləsi və tədrisin həyata keçirilməsi üzrə zəruri sənədlər imzalanıb. İmzalanmadan sonra hər iki universitet arasında magistratura və doktorantura səviyyələrində proqramların həyata keçirilməsi, mövcud olan müəllim və tələbə mübadiləsinin davam etdirilməsinin, müdafiə sənayesi sahəsi də daxil olmaqla bir sıra istiqamətlərdə təhsil, tədqiqat və universitet-sənaye əməkdaşlığının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Orta Doğu Texniki Universitetinin rektoru, professor Mustafa Verşan Köklə keçirilən görüşdə universitetlərin rəqəmsal transformasiyasının inkişaf etdirilməsi, hər iki ali məktəbin profilinə uyğun birgə tədqiqat layihələrinin yerinə yetirilməsi, xarici dil üzrə müəllim hazırlığı və tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Görüşdən sonra AzTU ilə Orta Doğu Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Səfər çərçivəsində Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar və universitetin professor-müəllim heyəti ilə görüş zamanı iki universitet arasında mövcud olan ikili diplom müqaviləsinin icrasına hazırlıqla bağlı müzakirələr aparılıb. Məlumat üçün bildirək ki, kompüter mühəndisliyi ixtisası üzrə AzTU və Ankara Universiteti arasında YÖK tərəfindən təsdiqlənmiş ikili diplom müqaviləsi ötən il imzalanıb və 2022/2023-cü tədris ilində ilk dəfə qəbul həyata keçiriləcək. Bu AzTU və Ankara Universitetinin həyata keçirdiyi ilk ikili diplom layihəsidir.
Görüş zamanı, həmçinin digər sahələrdə də universitet-sənaye işbirliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə müzakirə edilib.
Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güranla görüşdə magistratura və doktorantura səviyyələrində biotibbi mühəndislik ixtisası üzrə ikili diplom müqaviləsinin imzalanmasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. Həmçinin mədən mühəndisliyi, enerji məsələləri, eləcə də müdafiə sənayesi kimi əhəmiyyətli sahələrdə universitet-sənaye işbirliyinin artırılması müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Eskişehir Texniki Universitetində də olub və burada bakalavriat səviyyəsində kimya mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsinin imzalanması mərasimi keçirilib. Həmçinin “Erasmus+” K107 mobillik proqramı üzrə müqavilə və hər iki universitetin resurslarından istifadə etməklə universitet-sənaye işbirliyinin artırılması istiqamətində əməkdaşlıq müqaviləsi imzalanıb. Eskişeher Texniki Universitetinin rektoru, professor Tuncay Döğeroğlu və AzTU-nun rektoru, professor Vilayət Vəliyev imzalanmış müqavilələr üzrə işlərin uğurla həyata keçirilməsi, birgə layihələrin işlənilməsi, həmçinin müəllim-tələbə mübadiləsi ilə bağlı faydalı müzakirələr aparıb.
Çankaya Universitetinin rektoru, professor Can Çoğunla görüşdə əsasən universitet-məktəb əməkdaşlığı, abituriyentlərlə işin təşkili və digər məslələrlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova və AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz iştirak edib.
R.Mehdiyeva