Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdeoloji təcavüz, yoxsa dövlətçiliyimizə qarşı açılan yeni cəbhə?

İdeoloji təcavüz, yoxsa dövlətçiliyimizə qarşı açılan yeni cəbhə?


Londonda Azərbaycan səfirliyinə hücum birmənalı olaraq Azərbaycan dövlətinə və xalqına təcavüzdür. Nümayiş formasında Azərbaycan bayrağının cırılması, yerə atılması, əvəzində hansısa radikal şüarların yazıldığı parçanın qaldırılması ölkəmizin suverenliyinə, Konstitusion quruluşuna, idarəetmə formasına, milli-mənəvi dəyərlərimizə qarşı açıq nifrətin və bəlli niyyətin göstəricisidir.

Azərbaycan xalqına mesaj verməyə çalışırlar ki, bu gün Londonda səfirliyi zəbt etdik, sabah Azərbaycanda üçrəngli bayrağa qarşı eyni tərbiyəsizliyi edə bilərik.

Görünür Azərbaycanın güclənməsi, öz haqlarını qoruması, ərazi bütövlüyünü bərpa etməsi, müstəqil siyasət yürütməsi, təhdid və təzyiqlərə aidiyyatı metodla cavab verməsi kimlərisə narahat etməyə başlayıb. Bu baxımdan Azərbaycanda radikal dini-ideoloji qarşıdurma yaratmaq planlarını sınaqdan keçirirlər.

Lakin həmin qüvvələr bir məsələni unudurlar. Azərbaycan cahil mollarların meydan sulayacağı yer deyil. Ola bilər bu gün Azərbaycanda Hüseyn tərəfdarları olsun. Ola bilər Azərbaycan vətəndaşları övladlarına Hüseyn adı versin. Hətta, ola bilər Azərbaycanda Məhərrəmlikdə "Ya Hüseyn" deyib əzadarlıq edən şəxslər var. Amma bütün bunlar mənəvi xarakter daşıyır və heç bir halda siyasi mahiyyət kəsb edə bilməz. Axı, Vətən müharibəsində "Ya Hüseyn" deyib döyüşə atılan, torpaqlarımızı işğalçıdan azad edən vətəndaşı necə üçrəngli bayrağı cırmağa, dövlətçilik əleyhinə işlərə qoşulmağa vadar edə bilərlər? Ona görə də Hüseynçiliyi Azərbaycanda vətəndaş müharibəsinə çevirmək planları heç zaman işləməz və işləməyəcək.

Yaxşı olar ki, bu hadisəyə elə dindarlarımız cavab versinlər. Hətta, bu prosesdə imam Hüseynə sevgisi olanlar aktiv olsunlar və Azərbaycanda dini zəmində problem yaratmağa çalışanları peşman etsinlər, "Mehdi Qulluqçular Birliyi"nə, Yaser Əl-Həbibi kimilərə, hansısa ayətullahlara layiq olduqları yeri göstərsinlər. Sübut etsinlər ki, imam Hüseynə olan sevgi hansısa radikallara, ayətullahlara görə deyil. İsbat etsinlər ki, imam Hüseyn də bu gün onun adından radikalizm əməlləri üçün istifadə etməyə çalışanlara görə şəhadətə yüksəlməyib. Nəhayət, onlara bir daha qandırsınlar ki, Azərbaycan dünyəvi, unitar ölkədir, şəhidi, qazisi, veteranı ilə qürur duyan, bütün millətlərin, dinlərin nümayəndələrinə hörmət edilən müasir və müstəqil respublikadır.

Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri
Xəbəri paylaş