Bakı metropoliteninin təşkil etdiyi qatar maşinisti kurslarını müvəffəqiyyətlə bitirmiş daha 4 gənc maşinist peşəsinə yiyələnib. Onlar maşinist kimi sərnişinlərə xidmət etməyə başlayıblar.
Newscenter.az-a Bakı Metropolitenindən bildirilib ki, 2021-ci ilin dekabr ayında başlamış kursda iştirak etmək hüququ almış 9 müdavimdən 5-i isə müxtəlif səbəblərdən təlim prosesini müəyyən mərhələlərdə tərk edib. Bu kursa seçim 2021-ci ilin sentyabr ayında başlanmışdı. Müraciət etmiş 300 nəfərdən əsas tələblərə uyğun gələn 98 namizəd arasından yalnız 54-ü məntiq və metropolitenlə bağlı ibtidai biliklər üzrə ilk test müsabiqəsinə qatılıb. İkinci mərhələyə müsbət nəticə ilə keçmiş 18 iddiaçıdan 11-i kursa qatılmaq şansı əldə etsə də, yekun hesabda 2 nəfər təlimlərdən imtina edib.
Ötən müddət ərzində müdavimlər əvvəlcə nəzəri biliklərə yiyələnməklə yanaşı, metropolitenin əsas sahələri ilə tanış olublar. Bu müddətdə onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris olunub. İkinci mərhələdə praktiki vərdişlərin mənimsənilməsi Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda aparılıb. Bu unikal təlim vasitəsi Bakı metropoliteninin real infrastruktur simulyatoru kimi maşinistlərin hazırlığından savayı, hazırda xətlərdə qatarları idarə edən maşinistlərin də dövri hazırlığının yoxlanılmasında və biliklərin möhkəmləndirilməsində geniş istifadə olunur.
Kursun müdavimləri hər tədris mərhələsindən digərinə imtahan sınağı ilə yalnız müsbət nəticə əldə edərək keçiblər. Nəhayət, üçüncü mərhələdə iddiaçılar metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb ediliblər. Bu mərhələdə onlar metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, həm peşə vərdişlərinə yiyələnib, həm də bu mühitdə formalaşmağın vacib cəhətləri ilə tanış olmaqla praktiki imtahanlara cəlb ediliblər. Nəhayət, sonuncu mərhələdə xətdə idarəetmə normativlərini yerinə yetirən maşinistlər kadr komissiyası qarşısında sınanıblar.
Yeni maşinistlərə Bakı metropolitenində qatarları sərbəst idarə etməyə icazə verən vəsiqələr təqdim edilib. Onu da qeyd etmək lazımdır ki, 2019-cu ildən Bakı metropolitenində maşinistlər üçnövbəli iş rejiminə keçiriliblər. Buna qədər gecə növbəsinin maşinistləri onlar üçün yaradılmış yataqxana şəraitində gecələyib, səhər yenidən işə çıxırdılarsa, 2019-cu ildən maşinistlərin gecə növbəsindən yaşadığı ünvana, səhərin erkən saatlarında isə iş yerinə çatdırılması təmin edilir. Bu yeniliklər sayəsində maşinistlərin asudə vaxt və istirahətinin düzgün təşkilinə, iş prosesinə maneə olan subyektiv faktorların aradan qaldırılmasına nail olunub.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Bakı metropolitenində qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir. Həmin vaxt kursa cəlb olunmuş müdavimlər 2019-cu il aprel ayının 1-dən metropolitendə işə qəbul olunublar. Onlar arasında Bakı metropoliteninin hələlik yeganə qadın maşinisti də var.
Sevinc