Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi güclər Azərbaycana yad məfkurə ixracına cəhd edirlər

Bəzi güclər Azərbaycana yad məfkurə ixracına cəhd edirlər


"Azərbaycan bütün dinlərin azad formada mövcud olduğu, sərbəst etiqad mühitinə malik ölkədir. Xalqımızın mütləq əksəriyyəti isə müsəlman olduğu üçün mədəni dəyərlər və milli adət-ənənələrimizdə İslam dininin xüsusi və özünəməxsus rolu var".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, eyni zamanda Azərbaycan bəşəri din olan islamın siyasiləşmədiyi, öz ilkin ideallarından uzaqlaşmadığı, siyasi alətə çevrilmədiyi azsaylı ölkələrdəndir:

"Xüsusən, müstəqilliyin ilk illərində, Heydər Əliyevin hakimiyyəti dövründə, daha sonra isə cənab İlham Əliyevin rəhbərliyi altında bu mühitin pozulmasına hədəflənən çoxsaylı təsir və cəhdlərin qarşısı qətiyyətlə alınmış, dini sabitlik tam təmin olunmuşdur. Bu gün əminliklə demək olar ki, Azərbaycanda dövlətin dini radikalizm və təcavüzkar meyllərlə mübarizəsi inanclı insanların mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Çünki hər bir inanclı vətəndaş ölkədə dinə, sağlam təfəkkürlü dindara, məscidlərə olan yüksək münasibəti görür. Bu ölkədə hər bir vətəndaş cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın təşəbbüsü və şəxsi nəzarətində çoxsaylı məscidlərin tikintisi, Təzəpir, Bibiheybət, Şamaxı Cümə məscidləri başda olmaqla dini abidələrin bərpası, xüsusən, 70-ə yaxın dağıdılmış, donuz damına çevrilmiş məscidin müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğal, tapdaq və təhqirdən xilasına şəxsən şahidlik edib".

Millət vəkili qeyd edib ki, ölkə rəhbərinin dinə və dindarlara, inanclı şəxslərə ehtiramı fonunda formalaşan sağlam siyasi mühitlə bərabər, din və vicdan azadlığı üçün kifayət qədər azad ruhlu və effektiv qanunvericilik bazasının mövcudluğu, bu azadlıqlar üçün konstitusion təminatın olması sağlam mühitin təməlində dayanan amillərdir:

"Bu gün Azərbaycanda dini fəaliyyətdə qoyulan yeganə məhdudiyyət dini meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata, dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştiraka məcbur etməyə yol verilməməsi, ictimai qayda və ya ictimai əxlaqa zidd olmamasıdır. Bu məhdudiyyətlərdən narazı qalan, yəni, ədavət və düşmənçilik yaradan, məcburiyyət aşılayan ictimai qaydanı və ictimai əxlaqı pozan meyarları müdafiə edən adamın isə zatən dinlə, ələxsus da islamla əlaqəsi ola bilməz. Belə insanlar birmənalı olaraq xarici xüsusi xidmət orqanlarının iradəsinə uyğun olaraq onların tapşırıqlarını yerinə yetirən, ölkədə sağlam dini mühiti pozmaq istəyən təxribatçılardır".

Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, bu gün ölkədə bir sıra siyasi qüvvələr, hətta, rəsmən qeydiyyatdan keçmiş bəzi partiyalar da siyasi xal qazanmaq naminə bu təxribatçılarla eyni mövqedən çıxış edir, yaxud, özü bilavasitə xarici kəşfiyyət orqanının əmr quluna çevrilir:

"Vətəndaşlarımız bu mənada ayıq-sayıq olmalı, sağlam dini mühitin, mənəvi azadlıqların yeganə təminatçısı olan dövlətçilik maraqlarını üstün tutmalıdır. Xüsusən də dini hisslərin və əsəblərin kövrək olduğu Aşura kimi günlərdə. O günlər ki, bəzi güclər günün və hadisəsənin didaktik və ideoloji mahiyyətini bir kənara qoyub siyasi məqsədlər naminə Azərbaycana yad məfkurə ixracına cəhd edirlər. Baxmayaraq ki, istər dini sabitlik, istər ictimai əxlaq, təhlükəsiz və sağlam dini şərait baxımdan regionun ən nümunəvi mühitini qurmağa nail olmuş Azərbaycan istənilən ehtiyac duyan tərəfə Aşura fəlsəfəsi başda olmaqla İslamın bütün gözəlliklərini əhatələyən mövzularda ustad dərsi keçə bilər".

Bəhruz Məhərrəmov daha sonra qeyd edib: "Əziz inanclı bacı qardaşlar, Hicri təqvimi ilə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu hüznlü gündə, Qarabağ və Şərqi Zəngəzur uğrunda haqq savaşında şəhadətə ucalanlar başda olmaqla, bütün şəhdilərimizi, o cümlədən, əziz Kərbala şühədalarını rəhmətlə anır, bütün ideallardan ucada dayanan dövlətçiliyimizin və dövlətimizin, mövcud sağlam dövlət-din münasibətləri və təhlükəsiz mühitin əbədi olmasını Allahdan arzu edirəm. Çünki Azərbaycanda mövcud olan ictimai-siyasi mühit elə İmam Hüseynin uğrunda həlak olduğu idealların bərqərar olduğu sağlam mühitdir".

Mehman
Xəbəri paylaş