Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda taxılın və unun qiyməti artacaq?

Azərbaycanda taxılın və unun qiyməti artacaq?


Sentyabr-oktyabr aylarında taxılın və unun qiyməti artacağı haqda xəbərlər səngimir. Bu da çörəyin qiymətinin artacağı deməkdir.

Məsələyə dünya və Azərbaycan olmaqla 2 istiqamətdən baxaq.

Dünyada: Rusiya müharibəyə başlayan kimi BMT özünü göyə qaldırıb yerə çırpırdı ki, vəssalam, hamı acından qırılacaq, dünya batacaq. Daha dəqiqi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO dünya ərzaq ehtiyatları barədə elə proqnozlar verirdi ki, adam dəhşətə gəlirdi. Bu ciddi yanlışlıq idi. İqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir. Qorxu bu sistemi dağıdır. Tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox qalxır. Qiymət qalxdıqca qorxu daha güclənir. Beləcə qiymət qorxunu, qorxu da qiyməti yüksəldir. Bunun nəticəsi olaraq, əvvəl Rusiya dedi mən taxıl satmıram. Onun ardınca Qazaxstam dedi ki mən də az-az satacam. Daha sonra taxıl nəhənglərindən olan Hindistan dedi ki, üzrlü sayın, mən də taxılımı hələki satmıram. Çin isə "mən 1 milyard acı necə doyduracam" deyib ən baha qiymətdən kim satdısa taxıl almağa başladı. Beləcə bazarlarda ciddi təklif artıqlığı yaratdılar və qiymət yüksəldi. Amma sonra dünya gördü ki, BMT daha çox hay-küyçüdür, bir az sakitləşdilər.

Mən bunu məntiqi analizlə demirəm. Rəqəmlər bunu deyir. BMT-in hay-küyü ilə 1 ton ərzaqlıq buğdanın qiyməti 1 mayda artıq 403 dollara qalxmışdı. Amma sonra hər ay qiymətlər endi -iyunda 380 dollar, iyulda 334 dollar və 1 avqustda 328 dollara düşdü. Bu yuxarıda dediyimin statistik təsdiqidir.

İndi BMT-nın FAO-su özü elan edir ki, iyul ayında ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib.

Daha 2 hadisə böhranı yumşaldan amil olmaqdadır. Belə ki, Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması - Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlar olacaq.

İndi baxaq bu müddətdə Azərbaycanda vəziyyət necədir?

Azərbaycanın taxıl ehtiyacı 3.6 mln, ümumi idxal asılılığı 40-42%-dir. Amma ərzaqlıq buğdanın 75%-i idxaldan asılıdır.

Ötən il 572 min hektardan 1,887 mln ton buğda istehsal etmişik. Arpa isə 374 min ha-dan 1,147 mln ton yığılıb. Göründüyü kimi ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 mln 9 min hektar əkilib və təxminən 6:4 nisbətində buğda və arpa əkilib.

İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektarda taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa potensial 200 min hektara bərabərdir.

Hökümətin çörəyin qiymətinin artmaması, buğdanın qiymətlərini nəzarətdə saxlaması üçün atdığı addımlara mümkün qədər lakonik toxunaq. Məlumdur ki, bir müddətdir bir sıra addımlar atılmaqdadır.

Əkilmiş hər hektar taxıl əkin sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləğ artırılaraq hər hektar 210 manat müəyyən edilib.

2023-ci ildən başlayaraq, yeni subsidiya növü müəyyən edilib. Bu məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulmuşdursa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu məsələ cənab Prezidentin ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tələblərlə müəyyən edilmişdir.

Amma bu ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir. Gələn ildən (2023) başlayacaq bu məhsul subsidiyasının 5 il verilməsi verilməsi nəzərdə tutulur.
Bundan əlavə Dövlət Ehtiyatlar Agentliyi hər il qiymət artımlarına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırır, yəni baha qiymətə alır. Belə ki, 2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16%-lik artım deməkdir.

Beliklə, Azərbaycanda son istehlak məhsulu olan çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir. Yuxarıda qeyd etdiyim mövcud duruma və gözləntilərə əsasən qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə yayılan xəbərləri ciddi hesab etmirəm. Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər doğan dünyada tam təhlükəsizliyinə nail olmaq üçün yetərli deyil. Yəni, gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhkükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də ölkə başçısı da vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır.

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş