Kür çayının sahilində çətənə bitkiləri yetişdirən şəxs tutulub.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) və Baş Mühafizə İdarəsinin Salyan Regional Şöbəsinin Neftçala Rayon Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
Araşdırmalarla onun rayonun həmin kənd sakini, əvvəllər məhkum olunmuş Akif Qəniyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı yaş çəkisi 50 kiloqram, hündürlüyü isə 1.3-3 metr olan 65 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Aşkar olunan faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Mehman