Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə xalqımızı narahat edən əsas mövzuları səsləndirdi və dövlətin konkret sahələr üzrə apardığı siyasətin müxtəlif aspektlərini açıqladı. Təbii ki, ən aktual problemlər, ərzaq təhlükəsizliyi, işğaldan azad edilmiş torpaqlardan səmərəli istifadə olunması, Ermənistanla sülhün yaradılması, öhdəlikləri yerinə yetirilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması, erməni təxribatlarının qarşısının alınması istiqamətində aparılan “Qisas” əməliyyatı və onun nəticələri barədə fikirlərin birbaşa ölkəmizin başçısının dilindən səsləndirilməsi ictimaiyyət tərəfindən çox müsbət qarşılanır.
Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O qeyd edib ki, hər kəs Prezident İlham Əliyevin bəyanatlarını, çıxışlarını diqqətlə təhlil edir və hamı bilir ki, onun səsləndirdiyi fikirlər hər zaman təsdiqini tapır. “Son illərin xronologiyası, baş vermiş proseslər aparılan siyasətin nə qədər doğru olduğunu göstərir və bunu dövlətimizin başçısının son tezislərində də görmək mümkündür. Prezident İlham Əliyev növbəti dəfə Ermənistana və ona havadarlıq edən qüvvələrə mesaj göndərdi - yeni reallıqlar qəbul olunmalı, dövlətimizin ərazi bütövlüyü tanınmalıdır. Əks halda, biz özümüz Ermənistana qarşı ərazi iddiaları qaldıra bilərik. Bunun üçün tarixi, hüquqi əsaslar kifayət qədərdir. Ona görə də erməni tərəfi götür-qoy etməli, ağıllı davranmalı, reallıqlarla barışmalıdır. Azərbaycan dövləti gündən-günə inkişaf edir, hərbi cəhətdən güclənir, coğrafi baxımdan ən yüksək strateji yüksəkliklərdə möhkəmlənir. Budur reallıq”, - deyə deputat əlavə edib.