Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ermənistana ünvanladığı çox ciddi mesajları ilə təkcə yerli auditoriyanın yox, həm də dünya KİV-nin, analitik çevrələrin diqqətini cəlb etdi. Dövlət başçımızın son vaxtlar artan erməni təxribatlarının qarşısının alınması üçün qalib Ordumuz tərəfindən cəzalandırma üsulu kimi nəzərdə tutulmuş “Qisas” əməliyyatı və onun nəticələri barədə səsləndirdiyi fikirlər Ermənistanın özündə də, Xankəndidə cəmləşmiş separatçı-terrorçu dəstələri arasında da böyük rezonansa səbəb olub.
Bu müsahibədə bütün məsələlərə açıq və konkret münasibət bildirildi. İlk növbədə isə rəsmi İrəvana kifayət qədər sərt formada xəbərdarlıq edildi ki, Ermənistan bundan sonra təxribatlara son qoymalı, sülhə nail olmaq üçün real addımlar atmalı və Qarabağla bağlı məsələləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına mane olan süni əngəl vasitəsinə çevirməməlidir. Qarabağdakı bir ovuc erməni üçün “status”un tələb edilməsini, onlara hər hansı imtiyazların verilməsini reallıqdan uzaq fikirlər və təşəbbüslər kimi qiiymətləndirən Azərbaycan Prezidenti qeyd etdi ki, ermənilər heç bir status olmadan, adi Azərbaycan vətəndaşları kimi bizim ölkəmizdə yaşaya bilərlər: “Burada hər hansı bir imtiyazdan, statusdan söhbət gedə bilməz. Ermənilər Azərbaycan vətəndaşları kimi Azərbaycanın idarəçiliyi altında, Azərbaycanın rəmzlərini qəbul edərək yaşaya bilərlər”.
İlham Əliyevin bu fikri hazırda Qarabağda yaşayan mülki ermənilər arasında da, terrorçu-separatçı rejimin tör-töküntüləri arasında da ciddi ajiotaja səbəb olub. Qondarma rejimin “xarici işlər naziri” David Babayan isə Facebook səhifəsində İlham Əliyevə Qarabağdakı ermənilərin bundan sonrakı aqibəti ilə bağlı hər şeyi açıq şəkildə dilə gətirdiyinə və onlara heç bir statusun verilməyəcəyini aydın, səmimi şəkildə bəyan etdiyinə görə təşəkkür edib. Babayan qeyd edib ki, “Azərbaycanın Qarabağla bağlı planları heç vaxt dəyişməyib və ya xalqı aldatmayıblar”. Bu da o deməkdir ki, mesaj alınıb. Xankəndidə yaşayan ermənilər Azərbaycan Prezidentinin ismarıcını düzgün anlayıblar. Beləliklə, lap yaxın gələcəkdə Xankəndidə suverenliyimizin bərpa olunacağına, separatçılıq cəhdlərinin qarşısının tamamilə alınacağına artıq ermənilərdə də ciddi əminlik yaranır.
Dövlət başçısı son günlər ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanan “Qisas əməliyyatı”nın haqqında da ətraflı danışdı. Ali Baş Komandan qeyd etdi ki, müharibədən sonra davamlı təxribatların baş verməsi və Azərbaycan əsgərlərinin şəhid olması yolverilməzdir. Ona görə də Azərbaycan öz torpaqlarında antiterror əməliyyatları keçirib erməni təxribatlarının, revanşist cəhdlərin qarşısını almaq ixtiyarına malikdir. Bu baxımdan, İlham Əliyev birmənalı surətdə bəyan etdi ki, Azərbaycan öz ərazisində istədiyi əməliyyatı həyata keçirə bilər və buna heç kim qarışa bilməz, əgər kimsə cəhd etsə, onun da qarşısı qətiyyətlə alınacaq. Ermənistan bundan çox ciddi formada nəticə çıxartmalıdır. Əks halda, bu Ermənistan üçün həqiqətən də çox ağır nəticələrə gətirib çıxara bilər.
Hesab edirəm ki, bu ismarıc Azərbaycan Prezidenti tərəfindən Ermənistan rəhbərliyinə və revanşist müxalifətinə ünvanlanmış son dərəcə aydın və qətiyyəli xəbərdarlıq kimi başa düşülməlidir. Ermənilər yanlış yoldan çəkilməli və Azərbaycan Prezidentinin çağırışlarına konstruktiv reaksiya verməlidirlər. İstər Ermənistan, istərsə də Paşinyanın xaricdəki havadarları 44 günlük müharibədən sonrakı yeni reallıqları qəbul etməli, avantürist addımlardan əl çəkməlidirlər. Ermənistan tərəfindən dövlətimizin ərazi bütövlüyü tanınmalı və sülh sazişi imzalanmalıdır. Əks halda, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz özümüz Ermənistana qarşı ərazi iddiaları qaldıra bilərik və bunun üçün kifayət qədər tarixi, hüquqi əsaslarımız da var. Bunu rəsmi İrəvan da, Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün idarə etdiyi revanşist müxalifət də, irqçi-faşist ideyaları ilə zəhərlənmiş sıravi ermənilər də bilməlidirlər, ağıllı davranmalıdırlar.
Erməni tərəfi Zəngəzur dəhlizinin açılması məsələsində də inkarçı davranış sərgiləməməlidir. Bu dəhliz onsuz da mütləq açılacaq. Azərbaycan buna qeydsiz-şərtsiz nail olacaq. Ermənistan rəhbərliyinin bu prosesi süni surətdə əngəlləməsi isə sadəcə olaraq onların özləri üçün zərərlidir. Odur ki, İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistan tərəfi tez bir zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atmalıdır.
Ümumiyyətlə, ermənilər artıq anlamalıdırlar ki, hazırda dünyadakı geosiyasi vəziyyət kökündən dəyişib və zaman Azərbaycanın xeyrinə işləyir. Ona görə də onlar öz milli hədəflərində ciddi dəyişikliklər etməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli, türkofobiyaya son qoymalı, Cənubi Qafqaza sülhün gəlişini əngəlləmək cəhdlərinə ara verməlidirlər. Adekvat düşünən ermənilər öz hakimiyyətlərinə də, erməni ictimaiyyətinə də başa salmalıdırlar ki, indi şərtləri Ermənistan və onun havadarları yox, Azərbaycan diktə edir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri