Hər şey o qədər bəsit və aydındır ki, Ermənistanın və onun Rusiya, İran və bu kimi havadarlarının Azərbaycana qarşı siyasətini, məqsədini, regionda və dünyada baş verən geosiyasi prosesləri anlamaq və müəyyən fikir yürütmək üçün xüsusi biliyə ehtiyac yoxdur. Cənab prezident İlham Əliyev demişkən: "Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün".
Bəla ondadır ki, ölkəmizdə özlərini cəmiyyətə politoloq, siyasi icmalçl, siyasi şərhçi, analitik, ekspert və sair kimi təqdim edənlərin sayı o qədər çoxdur hansı ki, onların mütləq əksəriyyəti bu statuslarla heç bir uyğunluğu yoxdur. Necə deyərlər bu bəlanın bir tərəfi, digər daha vacib məqam isə ondan ibarətdir ki, televiziyalarda (iternet tv-ləri də daxil olmaqla), elektron media, mətbu orqanlarda və ümumiyyətlə jurnalistika fəaliyyəti ilə bağlı bütün sahələrdə qeyd etdiyim (politoloq, siyasi icmalçl, siyasi şərhçi, analitik, ekspert və sair) anlayışları dəyişik salan, mahiyyətlərini anlamayanlar onlardan da daha çoxdur. Məhz jurnalistikada peşəkarlığın aşağı səviyəsi, aparıcılıq və fəaliyyət sahələri üzrə xüsusi ixtisaslaşdırılmanın olmaması görünən mənzərəni ortaya çıxarıb.
Hər sahədə olduğu kimi, KİV-də də bu "xüsusi tapşırıqlar" əsas həlledici şərtdir. Kimisə "adam", kimisə "qəhrəman", kimisə "ictimai xadim", kimisə "siyasi xadim", kimisə "incəsənət və mədəniyyət xadimi", kimisə "politoloq", "mütəxəssis" və sair edib cəmiyyətə sırımaq praktik fəaliyyət növünə çevrilib. Haqq üçün deməliyik ki, peşəkar mətbu orqanlar və jurnalistlərimiz, politoloq, siyasi şərhçi, ekspert və sair adını öz zəhməti ilə qazanan şəxslər də vardır və layiq olduqları xüsusi hörmətə də min bir əziyyətlə sahib olublar.
Yeri gəlmişkən kimsəni "adam" etməklə təkcə KİV-ləri məşğul deyil. Heç bir məmurun balasının, yaxın qohumlarının iştirak etmədiyi 44 günlük müharibədən sonra bir sıra inzibati orqanlar, nazirliklər və hətta Müdafiə Nazirliyi belə icra başçılarının, məmurların balalarını olmayan "ictimai fəaliyyiiət"inə görə təltif etməyə başladılar, diplomlar verib yararslzları adam eləməyə çalışdılar. Çalışdılar ki, "süni adam"ların karyera imkanları geniş olsun.
44 günlük müharibənin gedişində və sonrakı dövrdə informasiya müharibəsinin önündə və bu yükü də məhz Cənab prezidentin özü boynuna götürmüşdü. Bu fakt həm də onu göstərirdi ki, bu vəzifəni yerinə yetirə biləcək peşəkar, uğurlu media və jurnalistikamız yox idi. Məhz bu səbəbdən də bu sahədə dövlətimiz müəyyən təmizləmə apardı, islahatlara getdi və yeni media qanunu qəbul etdi. İndi isə görünən odur ki, media, jurnalistika və ümumiyyətlə KİV bu dəyişikliklərə gedə bilmir, yaxud bacarmır. Mənzərədən nəticə çıxarmaq və uğurlu fəaliyyət üçün isə həm kadr potensialımız, qanunvericilik bazası və həm də maddi-texniki imkanlarımız var. Qaldı istəyimizə...
Vüqar Dadaşov
AJB, AYB-nin üzvü, hüquqşünas