Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qiymət artımını şərtləndirən əsas səbəb monopoliyadır

Qiymət artımını şərtləndirən əsas səbəb monopoliyadır


İlin əvvəlindən ölkədə obyektiv və subyektiv səbəblərdən bütün məhsulların, xüsusilə də ərzaq məhsullarının qiymətləri durmadan artmaqdadır. Yeri gəlmişkən bu qiymətlər dünyanın hər yerində artır. Lakin bizdə qiymətlərin üstün artımını şərtləndirən əsas səbəb, ölkədə tüğyan edən və heç kəsin illərlədi öhdəsindən gələ bilmədiyi monopoliyadır. Yüksələn xətlə baş verən qiymət artımları şəraitində insanların həyat tərzi pisləşir, maddi çətinliklər daha kəskin xarakter alır. Bu isə son nəticədə cəmiyyətlə hakimiyyət arasında uçrum yaradır və onu getdikcə dərinləşdirir. Buradan yüksək kürsülərdə oturub, yerlərdə gerçəklərdən xəbəri olmayan yüksək ranqlı məmurlara səslənirəm. Libasınızi dəyişib xalqın içərisinə çıxın, insanlarla söhbət edin, çoxluğun və lap çoxluğun necə yaşadığını və nə düşündüyünü öyrənin. Öyrənin ki, qərarlarınızı buna görə verəsiniz!

Cari ilin yanvar ayının 1-dən 300 manata çatdırılmış mimimum əmək haqqı ötən 8 ayda qiymət qayçısı tərəfindən elə udulub ki, onun keçən illə müqaisədə 50 manat artdığını heç kim hiss edə bilmir.

Bu durumda nə etmək gərəkdir?
İlk öncə baş verən qiymət artımları fonunda hökumət düşünmədən minimum əmək haqqını ən azı 2 dəfə artırmalıdı. Bunun üçün dövlətimizin bütün resursları artıqlamasıilə var.

Vəziyyəti nəzarətdə saxlamaq və qiymətlərin əsassız şəkildə şişməsinin qarşısını almaq üçün bütün imkanları bir arayta gətirib, ölkədə tüğyan edən monopoliyaya dur deyəcək işlək və sərt bir qanunu ən qısa vaxtda qəbul etmək lazımdır.

İllərlədir Azərbaycan iqtisadiyyatını iflic halına salmış Gömrük Komitəsinin fəaliyyətini kökündən dəyişdirmək gərəkdir.
İnsanların xaricdən ölkəyə gətirdikləri məhsullara qoyulmuş limitləri 10 dəfəyə qədər artırmaq, daha doğrusu isə bu limitləri yaxın üç il müddətinə tamamailə dondurmaq lazımdır. Yerli istehsalın daxili bazarın tələbatının az bir qismini ödədiyi bir şəraitdə, bu istehsala (kiçik və orta biznes vasitəsilə) dövlət səviyyəsində real dəstək verib məhsul bolluğu yaradana qədər vətəndaşların xaricdən gətirdikləri məhsullara qoyulmuş limitləri ləğv etmək yeganə çıxış yoludur. Bu həm də ölkədə hökmranlıq edən monopoliyanın aradan qalxmasında həlledici bir addım olacaq. Vətəndaşlar tərəfindən ölkəyə gətirilən mallara qoyulmuş limitlər yalnız monopolistlərə öz qiymətlərini diktə etmək üçün verilən dəstəkdir. Onu dərhal və qeyri-şərtsiz aradan qaldırmaq lazımdır ki, ölkədə məhsul bolluğu yaransın və buna rəğmən qiymətlər ucuzlaşsın.
Qonşu dövlətlərlə quru sərhədləri dərhal açılmalıdır. Ölkədə normalda bir gündə 75-80 insan dünyasını dəyişir. Bu sırada koronavirus da daxil 15-20 insanın qripdən dünyasını dəyişməsi tam normal bir haldır. Bundan vahimə yaradaraq quru sərhədləri bağlayıb insanları AZALın yerə - göyə sığışmayan qiymətləri ilə uçmağa vadar etmək lazım deyil.

AZAL-ın fəaliyyəti dərindən təftiş edilməli və bu qurumun bu qədər dövlət dəstəyi aldığı halda dövlət büdcəsinə ödənişlər etmək əvəzinə nədən zərərlə işləməsi səbəbləri ortaya çıxarılmalıdı. Yeri gəlmişkən ölkə Prezidenti İlham Əliyev bununla bağlı AZALın rəhbərliyinin ünvanına ciddi tənqidlər söyləyib.
Döğrudan da çox əcaib bir vəziyyət mövcuddur. Dövlətdən milyardlarla manat dəstək alan və digər ölkələrlə müqaisədə aviobiletləri 3-4 dəfə baha satan Azal nədən zərərlə işləməlidir? Bax burada, Qeyri-hökumət təşkilatlarının reallaşdırdıqları dövlət layihələrində verilən ziyafətlərdə yemək masası arxasında 2-3 adamın kəm olduğunu foto və video sujetlərdə “axtarıb tapan” və onu şişirdib fil edən, adı Hesablama Palatası olan ölü bir qurum daha yaxşı olardı ki, AZALın ziyanla işləməsinin səbəblərini ortaya çıxaraydı və bu vəziyyəti yaradanların məsuliyyətə cəlb olunsını təmin edəydi.

Qiymətlərin sürətlə artdığı belə bir durumda hökumətin minimum əmək haqqını ən azı iki dəfə qaldırması labüddür. Minimum əmək haqqının 300 manat olması bir çox vicdanını itirmiş iş adamlarına və bəzi dövlət qurumlarına meydan açır ki, çalışdırdıqları insanları maksimum istismar edərək, onlara 300 manat əmək haqqı müəyyən etsinlər. Yeri gəlmişkən belə müəssisələrin sayı yetərincədir və insanlar bu işi qəbul etmək zorundadırlar - çünki başqa seçim yoxdur.

Bugünkü ərzaq və kommunal xidmətlərinin mövcud qiymətləri fonunda (mən hələ başqa qiymətlərdən danışmıram) vergilər tutulduqdan sonra 1 ay çalışan insana 270 manat əmək haqqı verilməsi nə deməkdir? Qədim quldarlıq dövründə qula əmək haqqı verilməsə də ona doyunca yemək vrilirdi. Cənab boğazdan yuxarı danışan məmurlar, indiki qiymətlər şəraitində 270 manata ailə saxlaya bilərsinizmi? Özünüzə hesabat verin! Hakimiyyətlə xalq arasında yaratdığınız uçrumun getdikcə dərinləşməsinə dur deyin! Sizə etimad göstərib o kürsülərdə oturmağa imkan vermiş dövlət başçısını zərbə altında qoymayın!

Və sonda, bir daha:

Cənablar! Libasınızı dəyişib xalqın içinə çıxın! Bu çağrış dövlət rəsmləri qərər 300 manat minimum əmək haqqının mövcud olduğu bir ölkədə, öz əmək haqlarını utanmadan və davamlı şəkildə artıran deputatlara da aiddir! Cənab deputatlar mən sizlərə işsiz seçiciləriniz barəsində heç nə demirəm, bəs 270 manat alan seçicilərinizlə görüşəndə onların üzünə necə baxırsınız?

Fikrət Yusifov-sabiq maliyyə naziri
Xəbəri paylaş