Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz daha çox arzulamalıyıq ki, Ermənistan və rəhbərləri ağıllansınlar-NƏSİB MƏHƏMƏLİYEV

Biz daha çox arzulamalıyıq ki, Ermənistan və rəhbərləri ağıllansınlar-NƏSİB MƏHƏMƏLİYEV


“İrəvanın “Surmalu” Ticarət Mərkəzində baş vermiş partlayışın bir neçə səbəbi ola bilər. Birinci səbəb Ermənistanın daxilində ictimai-siyasi vəziyyətlə bağlıdır. Orada 44 günlük Vətən Müharibəsindən sonra başlamış gərginlik davam edir. Ermənistan cəmiyyətində təbəqələşmə baş verir. Ermənistanda Paşinyan hakimiyyətini dəstəkləməyən, düşmən mövqedə duran “Daşnaksutyun” partiyasının üzvləri, radikal millətçilər, eyni zamanda keçmiş kriminal “Qarabağ klanı”nın nümayəndələri Paşinyana qarşı belə bir təxribatlar törədə bilərlər”.

Newscenter.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat ehtimal edir ki, Ermənistan dövləti diqqəti əsas məsələlərdən yayındırmaq üçün bu kimi insidentlərdən istifadə edir: “Zaman-zaman görmüşük ki, Paşinyan özünün də imzaladığı razılaşmaları icra etmək istəmədikdə ictimai rəyi başqa səmtə yönəltmək üçün müəyyən qeyri-qanuni, qeyri-standart vasitələrə əl atır. Hazırda görürük ki, Laçın şəhərinin azad olunması ilə bağlı prosesə başlanılıb. Zabux və Sus kəndlərinin boşaldılması məsələsi də gündəmdədir. Ola bilər ki, bu məsələlərdən yayınmaq, zaman qazanmaq üçün belə təxribatlardan istifadə etsinlər. Bu, sırf Ermənistanın daxilindəki bir-birinə düşmən qüvvələrin törətdiyi aksiya da ola bilər”.

N.Məhəməliyev deyib ki, İrəvanda baş verən partlayışa sevinmək qeyri-ciddi davranışdır: “Sosial şəbəkələrin Azərbaycan seqmentlərində bəzi şəxslər “çox yaxşı oldu” deyirlər. Bunlar qeyri-ciddi, “ara” söhbətləridir. Dövlətlərarası münasibətlərdə belə terminlərdən istifadə olunmur. İndiki halda sosial şəbəkələrdə hərə ağzına gələni danışır. Bunu ciddi qəbul etmirəm. Biz daha çox arzulamalıyıq ki, Ermənistan və rəhbərləri ağıllansınlar. İndiyə qədər buraxdıqları çoxsaylı səhvləri təkrarlamasınlar, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər, Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüquq normalarına əsaslanan 5 şərti icra etsinlər. Yeganə yol budur ki, iki dövlət arasında münasibətlər normallaşmalıdır. Kommunikasiyalar açılmalı, iqtisadi əməkdaşlıq bərpa olunmalıdır. Bundan sonra dayanıqlı sülhdən danışmaq olar”.
Xəbəri paylaş