Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstan “ASAN xidmət” təcrübəsinin tətbiqində maraqlıdır

Qırğızıstan “ASAN xidmət” təcrübəsinin tətbiqində maraqlıdır


Ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin başçılıq etdiyi nümayəndə heyəti 7 saylı Bakı “ASAN xidmət” mərkəzində olub.

Newscenter.az xəbər verir ki, səfər Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində gerçəkləşib.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan əlavə, qonaqlara Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət, startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Həmçinin görüş zamanı nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub.

Görüş çərçivəsində Qırğız tərəfi “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin elektron hökumət üzrə təcrübələrinin Qırğız Respublikasında tətbiqi ilə əlaqədar Anlaşma Memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib.

Sonda xatirə hədiyyələri təqdim olunub.

Sevinc
Xəbəri paylaş