Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzər dənizinin külək potensialından səmərəli istifadə məsələsi müzakirə edilib

Xəzər dənizinin külək potensialından səmərəli istifadə məsələsi müzakirə edilib


Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avstraliyanın “Fortescue Future Industries” şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə “yaşıl enerji”, Xəzər dənizinin külək potensialından səmərəli istifadə, həmçinin “yaşıl hidrogen” istehsalı və ixracı sahələrində investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib.

Newscenter.az xəbər verir ki, şirkət nümayəndələrinə Azərbaycanın enerji tarixi, karbohidrogen ixracı infrastrukturu, mövcud “yaşıl enerji” potensialı, bu sahədə müəyyənləşdirilmiş strateji hədəflər, görülmüş işlər və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində əldə edilmiş nəticələr haqqında məlumat verilib. Şirkətin fəaliyyət istiqamətləri, nailiyyətləri, iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində görülmüş işlər və hədəfləri, yaşıl sənaye layihələri və karbonsuzlaşdırılması çətin başa gələn sahələrdə təbiətə vurulan ziyanın azaldılması istiqamətində planları haqqında danışılıb.

Qeyd edək ki, əsas fəaliyyət istiqaməti bərpa olunan enerji mənbələrindən istifadə etməklə “yaşıl hidrogen” istehsalı olan “Fortescue Future Industries” şirkəti Mərkəzi Asiya, Avropa, Yaxın Şərq, Avstraliya və Şimali Amerika da daxil olmaqla dünyanın bir çox yerlərində fəaliyyət göstərir və 2030-cu ildən etibarən illik 15 milyon ton hidrogen istehsal etməyi hədəfləyir.

Sevinc
Xəbəri paylaş