“Türkiyə Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağa hazırdır”.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti Ukrayna lideri Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreşlə danışıqlardan sonra Ukrayna ilə Rusiya arasında müharibənin danışıqlar masası arxasında bitəcəyinə əmin olduğunu bildirib: “İnanıram ki, müharibə danışıqlar masası arxasında başa çatacaq”.
"Ukrayna Prezidenti və BMT-nin baş katibi ilə üçtərəfli danışıqlarda cəmləşməyimizin əsas məqamı müharibəni necə bitirə biləcəyimiz məsələsi olub. Bir ay əvvəl, biz - BMT, Ukrayna, Rusiya və Türkiyə müştərək tarixi işi nümayiş etdirdik. Təkcə Ukrayna deyil, bütün dünya taxılın Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracını mümkün edən İstanbul sazişinin müsbət təsirlərini hiss etməyə başladı”, - Ərdoğan bildirib.
"Ukraynadakı müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram. Əsas problem danışıqlar masasına aparacaq ən qısa yolun müəyyən edilməsidir", - Ərdoğan diqqətə çatdırıb. Türkiyə lideri həm Ukrayna Prezidentinin, həm də BMT baş katibinin onunla həmfikir olduğunu bildirib.
Ərdoğan həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyət diplomatik prosesi canlandırmaq üçün daha çox məsuliyyət götürməlidir.
Anar Tagiyev