Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb


Ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində Azərbaycanın bütün bölgələrində yenidənqurma işləri geniş vüsət almışdır. Ölkə rəhbəri tərəfindən atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bugün ölkəmiz nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir. Azərbaycan artıq dünyada Zəfər qazanmış, Qalib bir ölkə olaraq tanınır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində qeyd etdiyi kimi, "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb".Qısa bir zamanda Böyük Qayıdışın təntənəsi olaraq dövlət başçısının sərəncam və tapşırıqları ilə görülən işlər hər kəsin diqqətindədir. Yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, infrastrukturun qurulması və s. tezliklə bu ərazilərin tam bərpasından xəbər verir. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir.

Ölkə prezidentinin ötən həftə Şamaxı-Ağsu-İsmayıllı səfəri də ölkədə gedən abdlıq-quruculuq və yenidənqurma işlərinin göstəricilərindən biridir. Belə ki, dövlət başçısı da öz müsahibəsində bu məqama toxunaraq bildirmişdir:“Mənim bölgələrə səfərləri müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır”. Səfər çərçivəsində Prezident İlham Əliyev bu rayonlarda görülmüş işlərlə tanış olmuş və bundan sonra görüləcək işlər haqqında öz göstərişlərini vemişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı və "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan yenidənqurma işləri ilə tanış olublar. "Diri Baba" türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir. Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verəcək.

Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir. Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb.Basqal qəsəbəsində görülən abadlıq-quruculuq işləri ilə tanış olan ölkə başçısı Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl xüsusi Sərəncam verdiyini bildirərək, Basqal qəsəbəsinin Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacağını, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqların Basqal qəsəbəsinə də durmadan səfər edəcəklərini vurğulamışdır. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.

Ağsu rayonunda da səfər edən ölkə başçısı öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Ağsu rayonunda "Ağsu Aqropark" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısı Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında da iştirak edən Prezident İlham Əliyev böyük aqroparkın fəaliyyətinin də bölgə iqtisadiyyatına töhfə verəcəyini xüsusi vurğulamışdır.

Beləliklə, cənab Prezidentin rəhbərliyi altında ölkə ərazisində görülmüş və görüləcək işlər Azərbaycanın uğurlu inkişafının, xalqın rifahının təminatıdır.

Günəş Cəfərova- YAP Nəsimi rayon təşkilatı Mir-Qasımov 1/8 ünvanında yerləşən ərazi ilk partiya təşkilatının sədri
Xəbəri paylaş