Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün yol-nəqliyyat hadisələrinin kökündə texniki səbəb yox, məhz insan amili, insan diqqətsizliyi durur

Bütün yol-nəqliyyat hadisələrinin kökündə texniki səbəb yox, məhz insan amili, insan diqqətsizliyi durur


Bu günlərdə qardaş Türkiyənin Qaziantep və Mardin bölgələrində 2 yol qəzasında 35 insan həlak olub, 61 insan yaralanıb. Çox üzücü hadisə idi və hər birimizi sarsıtdı.

Türkiyə ərazisinə və əhali sayına görə də böyük dövlətdir. Ən azı bizdən bir 8-9 dəfə böyükdür. Yol infrastrukturu, yol hərəkətinin təşkili də yüksək səviyyədir və beynəlxalq tələblərə cavab verir. Bütün bunlara baxmayaraq təəssüf ki, əsasən insan faktorundan asılı belə faciəvi hadisələri şahidi oluruq.

Avtomobil sürmək, yol hərəkətinin iştirakçısı olmaq çox məsuliyyətli bir işdir. Düzdür bu günkü şəraitdə bu çox asan, lazımlı və əlçatan bir iş sayılır, adiləşib. Olsun, bu bəlkə də bu günkü inkişafın tələbidir. Lakin məsuliyyət yaddan çıxmamalıdır.

Bizim ölkəmizdə də yol-nəqliyyatında problemlər var və yol-nəqliyyat hadisələrinin, əsasən də insan ölümü ilə nəticələnən hadisələrin sayı kifayət qədərdir.

Rəsmi statistikaya nəzər salsaq ( stat.gov.az) görərik ki, 2020 və 2021-ci illər əsasən Pandemiya vaxtına düşdüyü üçün, hətta insanların çölə çıxışının, rayonlar arası gediş-gəlişin məhdud olması səbəbindən hadisələrin digər illərə niscətən 20% az olmasına belə baxmayaraq mənzərə ürək açan deyil. 2021-ci ildə:

1. Yol nəqliyyat hadisələrinin 89 % -i yaşayış məntəqələrində baş verib.
2. Yol nəqliyyat hadisələrinin yarısı (49.15%) piyadaların iştirakı ilə baş verib.
3. Piyadaların iştirakı ilə olan yol nəqliyyat hadisələrində 98% ölüm qeydə alınıb.
4. Yol nəqliyyat hadisələrində hər gün orta hesabla 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.
5. Ölüm hadisəsi olan yol nəqliyyat hadisələrinin 98% - i gündüz vaxtı baş verib.
6. Ölüm hadisəsi olan yol nəqliyyat hadisələrində həlak oıanların 85% -nin yaş həddi 25 yaşdan yuxarıdır.

Əslində mən rəqəmlərin dili ilə yox, faizlərlə bu məsələyə aydınlıq gətirsəm də doğrudan da mənzərə ürək açan deyil.
Əslində avtomobilə tələbatın yüksək olması bir tərəfdən yaxşı iqtisadi göstərici olsa da, əsas səbəbi isə ictimai nəqliyyatın qənaətbəxş olmamasıdır. Belə ki :

- Bakı və Sumqayıtdan başqa digər rayon və şəhərlərdə ictimai nəqliyyat demək olar ki, yox səviyyəsindədir.
- Bakı kimi meqapolisdə yalnız avtobus, metro və taksi( lisenziyasız) fəaliyyət göstərir. Müasir tramvay, metrobuslar və şəhər ətrafı qatarlar yoxdur.
- Rayonlar arası gediş gəlişdə fərdi qəza sığortasının olmadığı lisenziyasız təhlükəli avtobus və taksilərdən istifadə olunur.
Bütün bunların qarşısının alınması, yol nəqliyyat hadisələrinin baş verməməsi üçün digər tədbirlərə də ehtiyac vardır. Statistik məlumatlardan görünür ki, yol-nəqliyyat hadisələrinin 90%- i avtomagistralda yox, məhz yaşayış məntəqələri daxilində baş verir. bunun üçün hesab edirəm ki:
-Yol hərəkətinin təşkili və Yol hərəkəti haqqında qanun günün tələbləri, müasir səviyyəyə uyğunlaşdırılmalıdır.
-Sürücülük mədəniyyəti artırılmalı. Bunun üçün kütləvi informasiya vasitələrindən istifadə edərək əsasən yol zolağı anlayışını, zolağı düzgün seçməyi və dönmə işığının üstünlük verməməsi anlamını hər kəsə təbliğ etmək lazımdır.
-Yol nişanlarını Sovetin ГОСТ standartından çıxarıb Beynəlxalq Konvensiyaya və yerli tələblərə uyğunlaşdırmalı. Yol nişanı tapmaca olmamalıdır. Misal üçün ABŞ da olduğu kimi yol nişanlarını sözlə də yazmaq olar. Məsələn "yol ver" ,"Dur", "sola dön" və s.
-Yol nişanları hər zolağın üstündə, hər zolaq üçün ayrı olmalı və sürücünün düz baxış görünüş dairəsində yerləşdirilməlidir. Sürücü yana baxmamalıdır və diqqətini yayındırmamalıdır.
-Piyadalar yalnız piyada keçidindən keçməlidirlər. Təəssüf ki, bizdə kim haradan istəyir yolu keçir və məsuliyyət sürücünün üstündə qalır. Tənzimlənməyən piyada keçidləri birmınalı olataq əl ilə idarə olunan işıqforlarla təmin olunmalıdır.
- Rayonlara gediş gəlişdə rahat, təhlükəsiz və nisbətən ucuz sürət qatarlarından istifadə olunmalıdır.
- Avtomagistrallarda yükdaşımada təhlükəli, standarta uyğun olmayan yük maşınları yığışdırılmalı, əvəzində dəmir yolu ilə daşımaya üstünlük verilməlidir.

Bu yazını yazdım ki, bir az məsələlərdən ağah olaq, ən azından vətəndaş olaraq məsuliyyətli olaq. Bütün yol-nəqliyyat hadisələrinin kökündə texniki səbəb yox, məhz insan amili, insan diqqətsizliyi durur.
Biz cəmiyyətdə yaşayırıq, diqqətli olun, qarşı tərəfə hörmətlə yanaşın. Freydin məhşur bir sözü var:" bu gözəl dünya təkcə sənin deyil"

Qəzadan uzaq olun!
Allah hər birinizi qorusun!

İltizam Yusifov-Milli Məclisin deputatı
Xəbəri paylaş