Ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəlində keçmiş SSRİ məkanında baş verənlər fonunda tamamilə yeni situasiya yaranmışdı. Bu situasiya özündə daha çox xalqların imperiyadan xilas olmaq uğrunda mübarizəyə başlamasını ehtiva edirdi. Lakin imperiya rəhbərliyi bu situasiyanı öz xeyrinə dəyişmək üçün müxtəlif yollara əl atırdı ki, bu sırada da “guya zəhmətkeş təbəqədən çıxmış” fərdlərin “xalqın və meydanın qəhrəmanı” kimi cəmiyyətə təqdim edilməsi ilk sırada dayanırdı. Əslində bunu təqdim edilmədən daha çox sırımaq kimi dəyərləndirsək daha doğru olardı.
Təsadüfi deyildi ki, həmin illərdə belə “sırınmışlardan” biri də bizim, yəni, Azərbaycan xalqının “bəxtinə düşmüşdü”. Həmin proseslərə az-çox bələd olanlar yəqin ki, kimi nəzərdə tutduğumu anladılar. Söhbət “fəhlə-hərəkatçı” Nemət Pənahlıdan gedirdi.
Bəs, bu Nemət kim idi? Onun “qəhrəmana” çevrilməsinə aparan yol haradan keçmişdi? Bu gün də o dövrdəki bəzi fəaliyyətlərinin üzərinə işıq salınması mümkün olmayan N.Pənahlının meydanda, necə deyərlər, bütün təşəbbüsü öz əlinə almasına aparan ssenarinin əsası harada qoyulmuşdu?
Bu sualların cavabını tapmaq üçün 34 il öncəyə qısa bir ekskurs etmək lazımdır. Yuxarıda bəhs etdiyimiz kimi, SSRİ daxilində baş qaldıran mərkzədənqaçma meyilləri getdikcə xalqların milli azadlıq hərəkatına qalxması ilə əvəzlənirdi. Yetmiş il qorxu və zülmlə idarə edilən imperiyanın qaniçən rəhbərliyi isə yeni şərtləri nəinki qəbul etmək istəmir, hətta ən sərt cəza növlərinə əl atmağa çalışırlar. Sonrakı proseslərdə Tbilsidə, Bakıda və Vilnüsdə tökülən günahsız qanlar onların bu məsələdə hansı qəddarlıqlara əl ata bildiklərini bütün dünyaya nümayiş etdirdi.
Lakin həmin vaxt SSRİ-nin xüsusi xidmət orqanları öz növbəsində sadə və etirazçı xalqın sıralarına yeritmək üçün qəhrəmanlar da “hazırlamağa” başlamışdılar. Bu “qəhrəman”ların missiyası isə etiraz aksiyalarında öncüllük, liderlik rolunu öz üzərinə alaraq xalqı verilən tapşırıq üzrə istiqamətləndirmək idi.
Necə ki, bu rolu Nemət Pənahlı 1990-cı ilin yanvarın 20-dək qədər, yəni, qırğınlar baş verənə qədər uğurla yerinə yetirdi. 34 il öncə erməni separatçılarının Qarabağdakı cinayətkar əməllərinə və bu əməllərə göz yuman, bəzən isə açıq-gizli dəstək verən Kremlə etiraz edən Azərbaycana xalqı Azadlıq meydanında öz etirazını bütün dünyaya çatdırdı. Xalqın bu gücündən, bu birliyindən, bu həmrəyliyindən qorxuya düşən Kreml isə oz “hərəkar desantı”nı Azadlıq meydanda xalqın içərisinə atdı. Qısa br zamanda aşağıda xalqın arasında özünı siyasi-ictimai kapital yığan “fəhlə-hərəkatçı” kənardan verilən görünməz dəstək sayəsində tribunada peyda oldu.
Ssenari çox gözəl düşünülmüşdü. Kremldəkilər yaxşı bilirdilər ki, xalq öz içindən çıxan birisinə inanıb, onun arxasınca gedəcək. Belə də oldu. Bakıdan xaricdən aldığı “otur-dur” tapşırığını uğurla icra edən N.Pənahlı 1989-cu ilin sonu 1990-cı ilin əvvəlində tapşırığın ikinci, ən təhlükəli mərhələsinin icrasına başladı. Bu mərhələdə Azərbaycan xalqından qaniçən, terrorçu, qanunlara tabe olmayan, SSRİ əsgərinə güllə atan qorxulu bir obraz yartamaq lazım idi.
Həmin müdhiş günlərdə Nemətin düşünülmüş, “dağılışmayın, indi silah gətirəcəyik” şəklindəki təxribatçı çağırışları öz rolunu oynadı. Sovet qoşunları Qanlı Yanvar qırğınını törətdilər. Amma nədənsə xalqı sona qədər müqavimətə səsləyən “meydan qəhrəmanı” bir anlıq yoxa çıxdı. Sonradan isə bəlli oldu ki, N.Pənahlı o müdhiş gecədə əvvəlcə İran konsulluğunda peyda olub, sonra da hansısa güclər onu İrana qaçırıb.
Düzü, həmin illərə bələd olan oxucular bu peyda olma və qaçırılmanın hansı halda mümkün ola biləcəyini yaxşı bildikləri üçün mən o məqamlara toxunmaq istəmirəm.
Sadəcə görünən odur ki, bu süni yolla yaradılmış “xalq qəhrəmanı” çoxgedişli oyunların piyadası olub. Yəni, böyük ehtimalla o, ya eyni vaxtda həm də İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, ya da həmin vaxt Nemətin İrana qaçırılması SSRİ-İran razılaşması nəticəsində olub. Çünki o zaman Azərbaycan xalqının öz azadlığına qovuşmasını SSRİ ilə yanaşı, İran rəhbərliyi də arzu etmirdi. Görünür N.Pənahlının İrana qaçırılması planının arxasında “Azərbaycanda İslam terrorçuları çevriliş etmək istəyir” şaiyəsinə doğruluq donu geyindirilməsi məqsədi dayanırdı. Lakin Aəzrbaycna xalqının ayıq-sayıqlıı düşmənlərin bu planını alt-üst etdi.
Əlbəttə, Nemətin bu cür “qəhrəmanlıq”ları barədə çox danışmaq, çox yazmaq olar. Sadəcə onlardan yalnız bir-ikisini xatirlatmaqla bildirmək istəyirik ki, Azərbaycan heç kimi və heç nəyi unutmur.
Vüqar İskəndərov,
Mili Məclisin deputatı