Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçının boşaldılması ən qısa müddətdə təmin edilməlidir

Laçının boşaldılması ən qısa müddətdə təmin edilməlidir


Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 10 Noyabr razılaşmasına əsasən həyata keçirilir. Qeyd etmək lazımdır ki, yolun marşrutu üçtərəfli bəyanata uyğun olaraq, Rusiya tərəfinin vasitəçiliyi müəyyən edilmiş və razılaşdırılmışdır. Burada mübahisə doğuracaq heç bir məqam yoxdur. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, razılaşmanın bəndlərini tam icra etməlidir.

Azərbaycan yeni yolun Azərbaycan Respublikasının ərazisindəki hissəsinin inşasını yüksək keyfiyyətlə, qısa müddətdə icra etmişdir. Bu Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin, o cümlədən üçtərəfli bəyanatın icrasına Ermənistandan fərqli olaraq məsuliyyətlə yanaşmanın ən bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaqdır.
Eyni zamanda, yeni yolun inşası ilə bağlı Azərbaycanın ardıcıl və sürətli addımlar atmasına baxmayaraq, Ermənistan öz ərazisindən keçən hissənin tikintisini uzatması bu ölkənin öz öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasını, yerli erməni əhalinin rahatlıq və rifahına etinasızlığını nümayiş etdirir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirərək, yerli erməni əhalinin xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 km-lik müvəqqəti yolun tikintisinə istifadə olunmasına razı olmuşdur. Bu erməni əhalinin yeni marşrutdan problemsiz istifadəsinə imkan yaradacaqdır.
Bu onu göstərir ki, Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq, qısa zamanda və yüksək keyfiyyətdə yeni yol inşa edir, növbəti xoş məram nümayiş etdirərək hərəkətin müvəqqəti yol ilə təşkili üçün ardıcıl tədbirlər həyata keçirir. Ermənistan isə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında maneəsiz gediş-gəlişin təmini ilə bağlı üçtərəfli bəyanatdan irəli gələn öhdəliyin icrasından boyun qaçırmaqda davam edir.

Onu da qeyd etmək lazımdır ki, yolun inşası zamanı yerli erməni əhali ilə təmaslar olmuşdur, inşaat prosesinin mühüm bir hissəsi Rusiya sülhməramlı kontingentinin müşayiəti olmadan aparılmışdır. Bu isə Azərbaycanlı və erməni əhali arasında birbaşa təmasın və birgə fəaliyyətin mümkünlüyünü bir daha nümayiş etdirir.

Yerli erməni əhali yeni yolun fəaliyyətə başlamasına razı olduğu təqdirdə, məhz Ermənistan hökuməti yolun fəaliyyətə başlamasını növbəti ilin sonuna qədər təxirə salmaq üçün cəhdlər göstərmişdir. Bu həmçinin yerli erməni əhalinin təhlükəsizliyi və məişət problemlərinin həlli istiqamətində Azərbaycanın müvafiq tədbirlər həyata keçirdiyini göstərir.

Heç şübhəsiz ki, yeni yolun fəaliyyətə başlaması ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpasıdır. Ərazilərin Azərbaycana qaytarılması bu ərazilərdən Ermənistanın işğalı nəticəsində didərgin salınmış on minlərlə məcburi köçkünün tezliklə öz doğma yurdlarına qayıtmasını təmin etməyə şərait yaradır.

Laçın şəhəri, Zabux və Sus kəndlərində işğal dövründə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür. Qanunsuz məskunlaşdırma Cenevrə Konvensiyalarının müddəalarının ciddi pozuntusu, müharibə cinayətidir və bu Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Ermənistan bu qanunsuz əməllərə görə məhkəmə qarşısında cavab verəcək.

Onu da qeyd etmək lazımdır ki, sözügedən ərazilərdə qanunsuz məskunlaşmış şəxslərin mütləq əksəriyyəti məhz Ermənistan hakimiyyətindən onların Ermənistana köçürülməsini tələb edir. Bu şəxslərin Qarabağ bölgəsində yaşamaq istəməməsi öz-özlüyündə həmin şəxslərin bölgəyə aid olmadığını birmənalı təsdiq edir.

Qanunsuz məskunlaşmaya görə bütün məsuliyyət məhz Ermənistan daşıyır. Bu vəziyyətin aradan qaldırılması Ermənistanın məsuliyyətidir. Qanunsuz məskunlaşmanın aradan qaldırılması sülhün möhkəmləndirilməsi səylərinin mühüm tərkib hissəsi olmalıdır.

Ermənistanın Laçın şəhəri daxil olmaqla, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması, bu ərazilərin yerli sakinləri olan azərbaycanlıların mülklərini, qəbiristan və məscidlərini tamamilə dağıtması, köçürülmüş ermənilər üçün evlər, kilsə və s. inşa etməsi etnik və dini zəmində ayrı seçkiliyin bariz təzahürüdür.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş