Dendrologiya İnstitutunun elmi işçisi Sadıqova Kəmalə tərəfindən Abşeronda introduksiya olunmuş və mədəni şəraitdə becərilən Nəcib dəfnə (Laurus nobilis L.) növü üzərində elmi- tədqiqat işi aparılıb. Newscenter.az xəbər verir ki, tədqiqatda növün bioekoloji xüsusiyyətləri, fitokimyəvi tərkibi və istifadə imkanları öyrənilib. Tədqiqatın yerinə yetirilməsi üçün bitkinin yarpaq və toxumları vegetasiyanın müxtəlif inkişaf fazalarında toplanılmış və standart metodlara əsaslanaraq laboratoriya şəraitində tədqiqat üçün hazırlanmışdır. Yarpaq və toxumlardan hidrodistilyasiya (Qinzberq) üsulu ilə efir yağı alınmış və tərkibindəki bioloji aktiv maddələrin analizləri “Kristall” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə kompanent tərkibi aşkar edilmişdir.
Nəcib dəfnə (Laurus nobilis L.) Dəfnəkimilər (Lauraceae Lindi.) fəsiləsinə aid olub, vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizi sahillərinə yayılmışdır. Təbii halda Cənubi Fransada, İngiltərədə, mədəni halda mülayim və subtropik iqlimə malik ərazilərdə əkilib-becərilir. Azərbaycana IX əsrin sonlarında Gürcüstandan gətirilərək əkilib becərilmişdir. Becərildiyi torpaq-iqlim şəraitindən asılı olaraq 5-18 m hündürlüyə qədər qalxa bilən ağac tipli kol bitkisidir. Dəfnə toxumla, yaxud vegetativ yolla (çiliklə, kök pöhrələri ilə) çoxaldılır.
Nəcib dəfnə istisevən bitki olmaqla yanaşı, həm də -180C şaxtalara da dözə bilir. Aparılan elmi-tədqiqat işindən məlum olur ki, Nəcib dəfnə (Laurus nobilis L.) növünün toxumlarının cücərtiləri Abşeron şəraitində bir il ərzində 20-25 sm-ə qədər inkişaf edir. Əkilməsi ciddi qayğı tələb etmir. Belə bir inkişaf bu növün digər yerlərə köçürülməsinə və çoxaldılmasına imkan verir. Məlum olmuşdur ki, dəfnə yarpaqlarının tərkibində 2-3,5%-ə qədər, toxumlarının tərkibində 72%, meyvəsində 24-25%-ə qədər efir yağı vardır. Tərkibi A, C, B. PP vitaminlərlə, manqan, maqnezium, fosfor, kalium, kalsium və digər minerallarla çox zəngindir. Meyvələrindən alınan efir yağının rəngi yaşıl, yarpaqlarından alınan efir yağının rəngi isə şəffaf olur. Xlorofilin olması yağın yaşıl rəngini şərtləndirir. Yağın tərkibinə palmitin, linol və laurin turşularının triqliseridləri daxildir. Meyvələrində qatran, karbohidrogenlər və fitosterin tapılmışdır. Efir yağının tərkibinə həm də pinen və sineol maddələri də daxildir. Apardığımız təhlil nəticəsində aydın olmuşdur ki, efir yağının tərkibində pinen, evkaliptol, terpinen, estraqol maddələri çoxluq təşkil edir.
Nəcib dəfnə bitkisindən hazırlanan preparatlar sakitləşdirici, analgetik, antiseptik, dezinfeksiyaedici və antiintlamatuar xüsusiyyətlərə malikdir. Yağı revmatizm, artrit, oynaq ağrıları, spazmlar, şişlər, ifliclər və bağırsaq sancısında istifadə olunan məlhəmlərin tərkibinə daxildir. Meyvələrindən alınan yağ revmatik artrit, iflic, parezlər, spastik kolit, şəkərli diabet xəstəliklərinin müalicəsində istifadə olunur. Nəcib dəfnədən alınan yağ həm də xroniki xolesistit, mədə-başırsaq, böyrəkdaşı, qaraciyər və digər xəstəliklərin müalicəsində də istifadə edilir. Yarpaqlarının tərkibində ətirli efir yağı, orqanizm üçün vacib sayılan dəmir, selen, manan və sink mikroelementləri olduğundan dünya mətbəxində ədviyyat kimi geniş istifadə olunur. Antiseptik xassəyə malikdir. Belə ki, ən yaxşı müalicəvi xüsusiyyəti onun xərçəng hüceyrələrinə qarşı mübarizə apara bilməsidir. Nəcib dəfnə yarpağı ürək-damar sisteminin möhkəmlənməsində, şəkər xəstəliyində təyin edilir, göbələk əleyhinə, ağrıkəsicivə sidikqovucu xüsusiyyətlərə malikdir. Çoxsahəli xalq təsərrüfatı əhəmiyyətli, dekorativ əlamətlərə və ekoloji amillərin davamlılığına görə Nəcib dəfnə (Laurus nobilis L.) landşaft memarlığı əsasında yaşıllıqların qorunmasında, tibbdə, kulinariyada, kosmetikada və parfümeriyada geniş istifadə olunması məqsəuyğundur.
Mehman