Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər

İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər


Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə bir daha bildirildi ki, ilk dəfə qalib ölkəni təmsil edən idmançılarımız bu missiyanı layiqincə yerinə yetirdilər

Hər zaman qeyd etdiyimiz kimi, keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir həm əhatə etdiyi sahə, həm də baş tutduğu məkan baxımından əhəmiyyətlidir. Artıq daha bir birlik, həmrəylik bayramı kimi dəyərləndirilən idman tədbiri- V İslam Həmrəyliyi Oyunları arxada qaldı. Bu gün istər ölkə, istərsə də dünya mətbuatında Oyunların yüksək səviyyədə təşkili, eyni zamanda, nəticələr geniş müzakirə olunur. Qardaş Türkiyə birinciliyi, Azərbaycan idmançıları 4-cü yeri qazandı. Hər bir uğur qeyd olunan sahədə ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə qeyd etdiyi kimi, idmançılarımızın 19 idman növündə medallar qazanması onu göstərir ki, ölkəmizdə idmanın bir çox növləri uğurla inkişaf edir.

Azərbaycan idman ölkəsidir. Son illərdə idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Ümummilli lider Heydər Əliyev «İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur» fikirləri ilə bu sahənin inkişafına verilən önəmi şərtləndirən əsas amilləri diqqətə çatdırırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndər Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır, himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşında böyük sevinc və qürur hissi yaradır. Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycanda idmanın inkişafında böyük rol oynayır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri Azərbaycana idman ölkəsi statusunu qazandırmışdır. Əlbəttə ki, bu nailiyyətlərin əldə olunması birmənalı olaraq Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısı və ölkəmizin Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasəti sayəsində mümkün olub.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Lakin bu gün idmançılarımız üçün böyük stimul kimi çıxış edən daha bir vacib məqam mövcuddur. Bu stimul iki il bundan əvvəl əldə olunmuş tarixi Qələbəmizdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da artıq bütün beynəlxalq yarışlarda məhz qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir. İdmançılarımız bütün beynəlxalq yarışlarda olduğu kimi İslamiadada həm öz güclərini, həm də dövlətimizin qüdrətini nümayiş etdirdilər.

V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə dövlətimizin başçısı qeyd etdi: "Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq." Oyunlarda Azərbaycanın qələbəsində tədbirin məkanı da xüsusi rol oynadı. İdmançılarımız qardaş Türkiyədə özlərini daha rahat, ən əsası öz evlərində hiss etdilər. Axərbaycan idmançılarının stadiona daxil olarkən türk qardaşlarımız tərəfindən necə coşğu və hərarətlə qarşılandıqları diqqətdən kənarda qala bilməzdi. Bu, sözün əsl mənasında qardaş dəstəyi, qardaş sevinci idi. Azərbaycan və Türkiyə bütün sahələrdə qazandıqları uğurları ilə birliklərinə, həmrəyliklərinə yeni əlavələr gətirirlər. Bir daha qardaş Türkiyə idmançılarını birinci, Azərbaycan idmançılarını IV yeri qazanmaları münasibətilə təbrik edirik. İslam həmrəliyinə növbəti töhfə olan V İslam Həmrəyliyi Oyunlarında qazandığımız uğurlar növbəti yarışlar üçün böyük stimul olaraq, daha böyük nəticələrə ruhlandırır.

Güloğlan Cabbarlı-dünya çempionu
Xəbəri paylaş