Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçının mərkəzində dalğalanan üçrəngli bayrağımız bütün revanşistlərə gözdağı olacaq

Laçının mərkəzində dalğalanan üçrəngli bayrağımız bütün revanşistlərə gözdağı olacaq


Laçın rayonunun işğalı dönəmində Zabux kəndində qeyri-qanuni məskunlaşan Suriya, Livan erməniləri dünən gecə kəndi tamamilə tərk ediblər. Laçının mərkəzində və Sus kəndində məskunlaşan ermənilər də köçürlər. Hazırda Laçında 4 erməni ailəsinin qaldığı bildirilir ki, onlar da sabah, uzağı birisi gün ərazini tərk edib gedəcəklər. Çünki avqustun 25-də Zabux və Sus kəndləri, eləcə də Laçın şəhəri tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Ona görə də nə həmin mülki ermənilərin, nədəki oralarda dolaşan separatçı-terrorçu erməni silahlılarının Azərbaycanın qanuni tələbinə qarşı silahlı etiraz formasında çıxış etməyə, bu və ya digər təxribatlar törətməyə imkanları və ixtiyarı yoxdur.
Silaha əl atacaqlarsa, təxribat törədəcəklərsə 44 günlük müharibədə və ya sonuncu “Qisas” əməliyyatında olduğu kimi Azərbaycan Ordusunun dəmir yumruğu yenə də düşmənin başını əzəcək. Ermənilər belə bir aqibətlə üzləşmək istəmirlərsə, torpaqlarımızı sakitcə tərk edib getməlidirlər. Xocalı qatili Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” parlament fraksiyasının tərəfdarlarının İrəvanda etiraz aksiyaları təşkil edib Ermənistan hökumətini Laçındakı mülki və silahlı ermənilərin çıxarılmasının qarşısını almaq üçün Azərbaycana qarşı təcili cavab tədbirlərinin görülməsinə təhrik etməsi isə ağılsızlıqdan və realism hissini itirməkdən başqa bir şey deyil.

Həmin revanşistlərin İrəvanın mərkəzi küçələrində üzərinə “Krım – Rusiyadır, Donetsk – Rusiyadır, Luqansk – Rusiyadır, Mariupol – Rusiyadır, Zaporojye – Rusiyadır, Xerson – Rusiyadır, Tiraspol – Rusiyadır, Tsxinvali – Rusiyadır, Şimali Qazaxıstan – Rusiya olacaq, “Artsax” (Qarabağ) qoy Rusiya olsun” şüarlarının yazıldığı vərəqələr yapışdırması da erməni acizliyinin və çarəsizliyinin bariz nümunəsidir. Əlləri hər yerdən üzülən revanşist erməni müxalifəti indi də bu cür sərsəm üsullarla bir tərəfdən Rusiyaya yarınmağa çalışır, digər tərəfdən isə Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa, bu iki ölkə arasında münasibətləri korlamağa çalışır.

Ancaq rəsmi Moskva isə Ermənistan müxalifətinin bu cür provokativ addımlarına soyuq münasibət sərgiləyir və eyni zamanda Azərbaycanın 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi isə bağlı haqlı tələblərinə anlayışla yanaşır. Robert Köçəryan, Serj Sərkisyan kimi siyasi “meyit”lər, xəyalpərvər revanşistlər zamanın Ermənistanın əleyhinə işlədiyini dərk edə bilmirlər. Ancaq indi bütün ermənilərin qəflətdən ayılmaq, miflərlə yaşamağa son vermək vaxtıdır. Ermənilər yeni reallıqlarla barışmağa məhkumdurlar. Laçının mərkəzində dalğalanan üçrəngli bayrağımız bundan sonra bütün revanşistlərə gözdağı olacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş